Sənət 13:20 14.04.2022

Muğam Müsabiqəsində yeni münsiflər və 500-dən çox uşaq – Seçimlər başladı

8-ci Muğam Müsabiqəsinin seçim turuna başlanılıb”.

Bu barədə Qaynarinfo-ya açıqlamasında Xalq artisti, 8-ci Muğam Müsabiqəsinin münsif üzvü Mənsum İbrahimov məlumat verib.
 
Xanəndə bildirib ki, müsabiqənin finalı "Şuşa ili” olduğundan Şuşada keçiriləcək:

"Müsabiqə artıq başlayıb. Hazırda seçimlər gedir, may ayından sonra isə müsabiqə öz işinə başlayacaq. Bərdə, Tərtər, Qarabağ, Gəncə bölgəsində seçim turu başa çatıb. Bu həftə isə seçim turu Şirvan bölgəsində aparılacaq. May ayının 21-dən sonra isə seçimlər Bakıda olacaq. Həm birinci, həm ikinci, həm də final tədbirlərinin keçirilməsi Bakıda - Beynəlxalq Muğam Mərkəzidə nəzərdə tutulub. Müsabiqə təkçə Bakıda deyil, eyni zamanda bir neçə bölgədən də canlı olaraq yayımlanacaq. Müsabiqənin qala konserti isə Şuşada nəzərdə tutulub”.
 
Mənsum İbrahimovun sözlərinə görə, 8-ci Muğam Müsabiqəsinə 500-dən çox istedadlı uşaq qatılıb:

"Pandemiya səbəbindən müsabiqəyə bir dəfə fasilə verilib, pandemiya ilə bağlı tədbir keçirilmədi. 500-dən çox uşaq ərizə verib, seçimlər çox çətindir. Biz münsiflər onların hər birini səbirlə dinləyib, yaxşıların yaxşısını seçməliyik. 500 nəfərin arasında 20 iştirakçı seçmək də asan iş deyil, bizim də öhdəmizə ağır iş düşüb”.

Mənsum İbrahimov 8-ci Muğam Müsabiqəsinə Azərbaycanın bütün bölgələrindən iştirakçıların qatıldığını vurğulayıb:

"Biz onların ən yaxşılarını seçəcəyik. Tamaşaçılar gözləsin, yaxşı ifalar təqdim edəcəyik”. 

Xalq artisti münsiflər heyətində də dəyişikliklərin olduğunu vurğulayıb:

"Xalq artisti Əlibaba müəllim dünyasını dəyişib, təbii ki, onun yeri görünəcək. Arif müəllim heyətdədir. Əvvəlki münsif üzvlərindən əlavə, üç nəfər heyətə daxil edilib. Onlar Xalq artisti Nəzakət Teymurova, Teyyub Aslanov və Əməkdar artist Fərqanə Qasımovadır. Bu müsabiqədə zəhməti olan hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, 8-ci Muğam Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir.

Bahar Rüstəmli