Ölkə 16:07 20.04.2023

Müasir dövrün təhsili nə tələb edir? - Ekspert yeni şərtləri açıqlayır

(Yazı "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə hazırlanıb)

"Azərbaycanda müasir təhsil standartları və proqramlarının tədris prosesində tətbiqi bir o qədər də asan deyil. Bunun əsas səbəbi cəmiyyətin - buradakı dəyərlər çoxluğu və düşüncə sisteminin həmin standartlara adekvat olmamasıdır. Tez-tez Sinqapur, Finlandiya, Koreya və s. təhsil proqramının Azərbaycan məktəblərində tətbiq üsulları barəsində söhbət açılır. Bu, təbii ki, absurddur. Sinqapur təhsil sisteminin Azərbaycan məktəblərinə yansıması üçün əvvəlcə bizim cəmiyyət Sinqapur modeli əsasında inkişaf etməlidir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib. 

Onun sözlərinə görə, yaşadığımız dövrdə dünya təhsilinin mənzərəsi tamamilə dəyişib və burada qiymətləndirmə meyarlarına, toplanılan bal, alınan qiymətlərə deyil, gələcəyin şəxsiyyəti kimi formalaşdırılan şagirdlərin tədqiqatçılıq bacarıqları, təhliletmə qabiliyyətləri əsas götürülür. Tədris proqramının da əsas xarakterini məhz bu bacarıqlar müəyyənləşdirir:

"Bizdə isə təhsilin ümumi vizyonunu birbaşa olaraq Dövlət İmtahan Mərkəzi müəyyən edir. Orta məktəblər bir şagirdin formalaşması, onun şəxsiyyət kimi yetişməsi üçün qətiyyən faydalı deyillər. Təhsilin ümumi mənzərəsi yalnız və yalnız qəbul imtahanlarına hazırlıq prosesindən ibarətdir. Dünya təhsilinin müasir tələbləri bizdən nə istəyir? Məktəb şagirdin formalaşması istiqamətində hansı addımlar atmalıdır? – bu kimi suallar bizə tamamilə yaddır. Əsas məsələ yalnız buraxılış və qəbul imtahanlarında lazımı bal toplamaq və bununla da növbəti mərhələyə keçid almaqdır. Sırf bu səbəbdən də IX sinifdə oxuyan şagirdlərin 90, XI siniflərdə təhsilalanların isə 100 faizi repetitor xidmətindən istifadə edir. İllərdir ki, davam edən bu tendensiya orta məktəb sistemini bir institut olaraq iflic vəziyyətə saldı. Bu zaman rəsmi və qeyri-rəsmi olaraq təhsildə sanki ikili idarəçilik mexanizmi daha sürətlə inkişaf etdi. Missiyası yalnız imtahanların təşkili prosesini keçirmək olan Dövlət İmtahan Mərkəzi özünün fərqli proqramlarını təklif etdi. Həmin proqramlar orta məktəblərdəki tədris proqramı ilə eynilik təşkil etsə də, üslub və mahiyyətinə, qavrama tərzinə görə xeyli fərqlənmiş oldu. Təsəvvür edin, orta məktəbin tədris proqramında eyni mövzunu mənimsəyən şagird DİM-in tədris vəsaiti və test toplusunda həmin predmeti tam fərqli izahda, tam fərqli yanaşmada öyrənməyə, həll etməyə məcbur oldu. İki qurum arasındakı bu ikili fəaliyyət müəllim və şagirdlərdə ciddi çaşqınlıq və narahatlıq yaratdı”.
 


E.Nurinin sözlərinə görə, məhz bu səbəbdən bu il buraxılış imtahanlarında bir  nəfər tələbə də maksimal nəticəni - 300 balı toplaya bilmədi:

"Subyektiv fikrimi deyim: elə bu cür olacağını da gözləyirdim. Çünki hər dəfə buraxılış imtahanlarından sonra şagird-valideynlərin suallarla bağlı narazılığı bunu deməyə əsas verirdi. Suallar yanlış deyildi. Yalnız, 5 mart tarixində keçirilən buraxılış imtahanlarında riyaziyyat fənninə aid olan bir sualı çıxmaq şərtilə yerdə qalanlar doğru-düzgün hazırlanmışdı. Lakin əksər suallar nəzərə alınmamışdı. Uzun illərdir ki, təhsilimizin əsas xarakterini müəyyənləşdirən DİM bu dəfə də orta məktəblərdəki tədris proqramlarına istinad etdi. Amma necə? Suallar məhz öz proqramlarına uyğun məntiqi qaydalar əsasında hazırlandı. Suallar yüksək məntiqi keyfiyyət tələb edən YÖS (Türkiyə universitetlərinə imtahan proqramı) və Respublika Fənn Olimpiadaları üçün hazırlanan tapşırıqlardan qətiyyən geri qalmırdı. Yüksək analizetmə qabiliyyəti, mikro-detallara belə fokuslanmağı, bir verilənlə bağlı yeddi-səkkiz əsaslı məntiqi əlaqə qurma keyfiyyəti tələb edən suallar şagirdlərə ünvanladı. Bu da nəticəsi: tədrisin o qədər də yüksək təşkil olunmadığı məktəblərin yetirməsi olan bu şagirdlər özləri ilə həmin tapşırıqlar arasında uçurumda ilişib qaldılar. On minlərlə şagird arasında bircə nəfəri də belə 300 ballıq nəticəni göstərə bilmədi. Bundan əvvəlki illərdə də vəziyyət bu cür acınacaqlı olub. Sadəcə, maksimal nəticə göstərən bir-iki məktəblinin uğurlarının kölgəsində bu problem ustalıqla gizlədilirdi”.

Ekspert bütün bu sadalananlarla bağlı aşağıdakı addımların təcili surətdə atılmalı olduğunu qeyd edir:

"Amma bütün bunlarla bərabər kimsə Dövlət İmtahan Mərkəzini tam şəkildə günahlandıra bilməz. Qurum məktəb proqramına istinad edərək, yeddi "dərə-təpədən” keçən suallar hazırlayıb. Artıq predmetin necə tədris olunması, sualları hazırlayarkən əsas götürülən təhliletmə qabiliyyətinin necə formalaşıdırılması DİM-i maraqlandırmır. 

Burada iki hal olmalıdır: ya orta məktəbdəki tədrisin keyfiyyəti DİM-in sualları miqyasında olmalı, ya da DİM sualları məktəblərdəki şagirdlərin bilik və bacarıqları həcmində endirməlidir. 

Hər bir halda suallar hər iki qurum tərəfindən hazırlanmalı, yaxud birmənalı şəkildə bu proses Elm və Təhsil Nazirliyinə həvalə edilməlidir. Dövlət İmtahan Mərkəzi isə işin yalnız texniki-təşkilati işlərini həyata keçirməlidir. 

Sualların hazırlanması kənardan göründüyü qədər də asan proses deyil. Əksinə, çox strateji xidmətdir. Çünki hazırlanan suallar həm cari təhsilin, həm tədris proqramının xarakterini özündə əks etdirməlidir”. 

E.Nuri əlavə olaraq bildirib ki, bunun üçün isə ayrıca testologiya institutu yaradılmalı, imtahanlarda istifadə edilən bütün suallar bu mərkəz tərəfindən təmin olunmalıdır.
 
Günay İlqarqızı
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.