Yazıçı Mübariz Cəfərlinin "Zəncir" romanı Təbrizdə çap olunub.
Qaynarinfo xəbər verir ki, bu haqda kitabı əski əlifbaya uyğunlaşdıran güneyli soydaşımız Elyar Polad məlumat verib. O, bildirib ki, kitab "Qaraçuxa” nəşr evi tərəfindən işıq uzu görub.
Elyar Polad yazıçı haqda bunları qeyd edib:
"Mübariz Cəfərlinin bu günə qədər beş romanını oxumuşam. "Bərpaçı", "Bənna", "Bağban", "İkinci Adəm" və "Zəncir". Bunlardan üçü - "Bərpaçı" (Tehranda "Yuxu" adı ilə çap olunub), "Bənna" və "Bağban" da Tehranda nəşr edilib. "Zəncir" romanı isə Təbrizdə çap olunub.
Müəllifin əsərləri haqqında yazmaq mənim üçün olduqca çətindir. Çünki ustad yazıçının heyranlıq doğuran üslubu və yazı texnikası haqqında nə isə yazmaq özü dərin araşdırma və bilik tələb edir. Ola bilsin ki, onun romanlarından aldığım təəssüratı yetərincə əhatələyə, əsərlərinin həqiqi gücünü, verdiyi sonsuz enerjini tam ifadə edə bilməyəcəyəm. Bəlkə kiçicik bir yazıda bu mümkün də deyil. Belə mükəmməl əsərlərə hərtərəfli baxmaq, dolğun qiymət vermək üçün bəzən aylar, illər gərək olur. Bu romanlar hər dəfə oxuduqca adama təzə görünən, ona yeni nə isə tapdığını aşılayan və heç vaxt köhnəlib təravətini itirməyən əsərlər silsiləsindəndir.
"Zəncir" romanı da müəllifin başqa romanları kimi, mistika ruhludur, yazıçı bu dəfə də düşüncələrini mistika əhval-ruhiyyəsi ilə oxcuya ötürür. Və bununla da yenidən böyük uğur əldə edə bilir. Başqa sözlə desəm, yazıçının gücü də elə buradadır. Romanın qatlarını mistika və əlçatmaz olaylarda gizlədir, oxucunun altşüurunu ələ almaqla onu təlaşa salır, intizarda saxlayır.
Roman pişiyin ölümü ilə başlanır. Əlbəttə, pişik, insanların tənhalıqdan pənah apardıqları ev heyvanı simvolikadır əsərdə, indi hər birimizin çevrəsində belə bir tanışımız var ki, heyvanlarla ünsiyyət qurur və hisslərini onlarla bölüşur. Bu tənhalıq ola bilsin ki, insanlarn psixi durumuna təsir göstərir, bəzən onları intihara da sürükləyir. Məncə, romanın da qayəsi elə insan və tənhalıqdan yaranan, daha doğrusu, milyon adam arasında da tək-tənhalıqdan qurtula bilməyənlərin yaşadığı faciəvi sonuclardır...
Roman gah rəvayət, gah da qəhrəmanın dili ilə nəql olunur. Əsər boyu insan və ölüm fəlsəfəsi əsasında maraqlı əhvalatlarla üzləşirik. Xəyali səhnələr o qədər canlı yaradılır ki, oxucu onun izini itirmir, nəhayətdə anlayır ki, bütün olaylar və əhvalatlar özü bir xəyali haləyə bürünmüşdür.
Yazıçı rəvayətin gedişatında xəyali-həqiqi olaylarla qəhrəmanın iç dünyasını və onun psixi durumunu oxucuya çatdıraraq, günümüzün - insan tənhalığından törəyən - fəsadlarının üstünü incə detallarla açır və oxucuda dərin maraq oyadır.
Romanda qəhrəman nəsil axtarışına başlayır. Və bu nəsli bir zəncir halqaları kimi ard-arda salaraq qırılan rabitələri bərpa etməyə çalışır. Halqaların səsi və cingiltisi (gedişatın olayları) oxucunu qarşısıalınmaz fikir axınına yönləndirərək, onda yeni bir qayğı və özünəqayıdışa səbəb olaraq, keçmişi haqda düşünməyə vadar edir.
Bu romanda "səs" və "boya" xüsusi önəm daşıyır. Müəllif bəzən demək istədiklərini ün və rənglə oxucuya çatdırır. Hava və günəş şüasının qeyri-adi rəngdə görünməsi, qəhrəmanın çöhrəsinin avazımasını, ağappaq ağarmasını, bəzən səslərin eşidilməz olması oxucunun şüuraltısını silkələyir. Məncə, hər bir oxucu öz imkanı daxilində, götürə biləcəyi qədər Cəfərli "bulağ"ından qidalanır.
Sonda görkəmli yazıçıya uğurlar diləyib daha bir mükəmməl roman yazdığına görə ürəkdən təbrik edirəm. İnanıram ki, "Zəncir"in şaqraq ədəbi cingiltisi əsrlər boyu eşidiləcək...”