Xəbər lenti

Münasibətləri gərgin saxlamaq Tehranın vəziyyətini daha da ağırlaşdıracaq - Politoloq
Siyasət12:33 08.10.2021

Münasibətləri gərgin saxlamaq Tehranın vəziyyətini daha da ağırlaşdıracaq - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Belə bir formatda görüş diplomatik dildə Türkiyə ilə İran arasında münasibətlərin xeyli dərəcədə aşağı düşməsinin göstəricisidir”. 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Nəsimi Məmmədli Türkiyə ilə İran arasında Ankarada Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin keçiriləcəyilə bağlı məlumatı şərh edərkən deyib. Onun sözlərinə görə, İran-Türkiyə münasibətlərinin aşağı ranq səviyyəsində müzakirəsi dövlətlər arasında müəyyən problemlərin olduğunu göstərir:
"Bir var iki dövlət arasında Prezidentlər, Xarici İşlər nazirləri səviyyəsində, bir də var Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində hansısa məsələlər müzakirə edilsin. İran və Türkiyə Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində gözlənilən müzakirələr münasibətlərin o qədər də dərin olmamasından xəbər verir. Türkiyə İranla sərhədi demək olar ki, divarlarla hörüb. Burada məqsəd tək Əfqanıstandan gələn qaçqın axını və terrorçuların qarşısını almaq deyil. Fikrimcə, bu amil eyni zamanda, İran-Türkiyə münasibətlərində cizginin konkretləşməsi məsələsilə bağlıdır”. 
Həmsöhbətimiz qeyd edir ki, son dövrlər Türkiyənin regionda təsir imkanlarının artması fonunda, İranın rolu isə azalıb:  
"Türkiyə regionda geosiyasi rəqabətdə artıq kifayət qədər məsafə qət edib və bunun da nəticəsində təsir imkanlarını artırıb. İran isə regional əməkdaşlıq formatlarından xeyli dərəcədə kənar qalıb. Bu həm ikitərəfli əməkdaşlıq münasibətlərində özünü göstərir. Həm də 44 günlük müharibədən sonra regionda yaranan geosiyasi münasibətlərdə İranın rolu xeyli dərəcdə azalıb. Tehran bunu güc müstəvisində bərpa etməyə çalışırdı. Amma məlum oldu ki, bu məsələdə nə Rusiya, nə də Türkiyə ona hər hansı bir formada dəstək olmur. Azərbaycan da onun təzyiqlərinə boyun əymir”. 
N. Məmmədli düşünür ki, Tehran Ankara və Bakı ilə münasibətləri yaxşılaşdırmağa məhkumdur: 
"Bütün hallarda İranın ən azından belə görüşlərə getməkdən başqa variantı da yoxdur. Tehran mütləq mənada münasibətləri yaxşılaşdırmağa doğru gedəcək. Çünki alternativ variantı yoxdur. Ətrafındakı bütün sərhəd dövlətlərilə gərgin münasibətlər saxlamaq Tehranın onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdıracaq. İranın qonşularla münasibətləri tənzimləməkdən başqa digər variantları yoxdur”.
Rüfət Sultan