
Bu gün Murad Ədilovun həbs edilməsindən iki il ötür.
Qaynarinfo.Az xəbər verir ki, Murad Adilov 2014-cü il avqust ayının 11-də Sabirabad rayonunda, yaşadığı Xəlfəli kəndində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyat-axtarış nəticəsində həbs edilib.
O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub. 2015-ci il may ayının 14-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Adilov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan M.Adilov apellyasiya şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə AXCP üzvünün şikayətini təmin etməyib. Daha sonra M.Adilov məhkəmə qərarından kassasiya şikayəti verib.
Murad Adilov ona qarşı ittihamların siyasi motivli olduğunu deyərək rədd edib.
Beynəlxalq Amnistiya Təşkilatı Murad Adilovu "vicdan məhbusu" elan edib.
Murad Ədilov hazırda Fransada mühacirətdə olan, AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşıdır.
Qaynarinfo.Az