
İndiyə qədər Müsavat Partiyasında başqanlığa namizədliyini rəsmən irəli sürən şəxs yoxdur
Gülağa Aslanlı: “Başqanlıq seçimlərində namizəd olmayacağı təqdirdə, Müsavat Partiyasının nizamnaməsində bununla bağlı müddəanın olmasını xatırlamıram”
Müsavat Partiyası Məclisinin iyunun 28-də keçirilən toplantısında 4 ildir ki, gecikən qurultayla bağlı qəti qərar qəbul edildiyi barədə əvvəlki saylarımızda məlumat vermişdik. Qəbul edilən qərara əsasən, sentyabrın 27-də partiyanın VIII qurultayı keçiriləcək. Müsavat funksionerləri də qurultayın keçirilməsində israrlıdırlar. Bununla bağlı iyulun 15-də Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yığıncağı keçiriləcək.
Musavat.com-a açıqlama verən Müsavat başqanının müavini Gülağa Aslanlı deyib ki, iyulun 15-də toplanacaq Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında Məclisin qəbul etdiyi qərarın müzakirə olunacaq: “Məclisin qərarı ilə bağlı Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yığıncağı çağırılıb. Bu ayın 15-də Təşkilat Komitəsinin yığıncağı olacaq. Həmin yığıncaqda bu məsələlərlə kimin və kimlərin məşğul olması, kimlərin məktub yazması və digər texniki məsələlər orda müzakirə olunub, qərar veriləcək”.
Gülağa Aslanlı qurultaya yer ayrılması ilə bağlı əvvəlki müraciətlərdən fərqli olaraq, indi göndərəcəkləri məktuba müsbət cavab veriləcəyinə ümid etdiklərini də qeyd edib: “Azərbaycan hakimiyyətinin bu məsələ ilə bağlı hansı qərarı verəcəyi haqqında kimsə əvvəlcədən proqnoz verə bilməz. Müsavat Partiyasının hazırda növbəlilik əsasında Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etmək səlahiyyəti daşıyan Elmar Məmmədyarova etdiyi müraciətə baxılıb cavabının verilməsi məndə ümid yaradır ki, iqtidar indiyə qədər etdiyi yanlış yoldan çəkinə bilər”.
Onu da qeyd edək ki, indiyə qədər Müsavat Partiyasında başqanlığa namizədliyini rəsmən irəli sürən şəxs yoxdur. Hazırkı başqan İsa Qəmbərin namizədliyini verməyəcəyi ilə bağlı qəti qərarından sonra belə bir nəticəyə gəlmək olarmı ki, başqanlığa namizəd olmaya da bilər?
Gülağa Aslanlı yaranan bu məsələyə də aydınlıq gətirib: “Mən hesab edirəm ki, belə bir hal olmayacaq. Başqanlıq seçkilərində namizəd olacaq. Başqanlıq seçimlərində namizəd olmayacağı təqdirdə, Müsavat Partiyasının nizamnaməsində bununla bağlı müddəanın olmasını xatırlamıram”.
Qaynar.info