
Müsavat Partiyası müxalifət qüvvələri arasında ittihamlara birətərəfli qaydada moratorium qoyulması haqqında bəyanatla çıxış edib
Partiyadan APA-ya daxil olan bəyanatda bildirilir ki, Müsavat Partiyası Milli Şurada fəaliyyətini dayandırmaq haqqında 6 yanvar 2014-cü il tarixli rəsmi açıqlamasında Milli Şuranı tərk etdiyini bildirsə də, bu qurumda fəaliyyət göstərən qüvvələrə uğurlar arzulamaqla yanaşı, onlarla həm ikitərəfli, həm də çoxtərəfli funksional əməkdaşlığa bundan sonra da hazır olduğunu qeyd edib.
“Təəssüf ki, Müsavat Partiyasının bu xoşməramlı mövqeyi bəzi siyasi qüvvələr tərəfindən adekvat qarşılanmadı. Müsavat Partiyasının müttəfiqlik barədə saziş imzalamağı təklif etdiyi bəzi siyasi qüvvələr belə münasibətlərin qurulmasından imtina etməklə yanaşı, Müsavat Partiyasına qarşı böhtan və təhqir kampaniyasının yeni mərhələsinə start verməsi Müsavat Partiyası və AXCP arasında münasibətlərin gərginləşməsinə şərait yaradır. Müsavat Partiyasına qarşı təhqir və böhtanların sosial şəbəkədə və mətbuatda yer alması xüsusilə yolverilməzdir. Müsavat Partiyası haqqında yayılan böhtanlar içərisində guya partiyanın öz siyasi kursunu dəyişməsi, 2015-ci ildə keçiriləcək parlament seçkilərində mandat əldə etmək məqsədi ilə hakimiyyətlə separat danışıqlara getməsi kimi absurd bir iddianın irəli sürülməsi xüsusi ikrah hissi doğurur”, - deyə bəyanatda bildirilir.