Fuad Qəhrəmanlı: “İştirak etsəydi, daha geniş imkanlar olardı”
Rafiq Manaflı: “Rüstəm bəy bütün işlərini kənara qoyub, görüşlərdə iştirak etməli idi”
Milli Şuranın sədri Rüstəm İbrahimbəyov qurumun vahid namizədi Cəmil Həsənli və icra aparatının rəhbəri Eldar Namazovun London səfərinə qatılmaqdan imtina edib. İbrahimbəyov səfərə qatılmamasına səbəb kimi işlərinin çoxluğunu göstərib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Qaynar.info-ya açıqlamasında deyib ki, Rüstəm bəyin bu görüşlərdə iştirak etməməsi kəsr yaratmır: “Milli Şuranı Londonda keçirilən görüşlərdə qurumun vahid namizədi Cəmil Həsənli və icra aparatının rəhbəri Eldar Namazov təmsil edir. Bu tərkibdə Milli Şuranın qarşıdan gələn prezident seçkilərində bağlı baxışları, məqsədləri ətraflı çatdırılacaq. Rüstəm bəyin bu görüşlərdə iştirak etməməsi kəsr yaratmır. İştirak etsəydi, daha geniş imkanlar olardı. Hər halda onun görüşlərə qatılmaması nə keyfiyyətə, nə də əhəmiyyətinə xələl gətirməyəcək. Görünür, iş qrafiki imkan verməyib, Rüstəm bəy görüşlərə qatılsın. Məncə, burada hər hansı ciddi problem axtarmağa dəyməz”.
F.Qəhrəmanlı əlavə edib ki, Milli Şura ilə İbrahimbəyov arasında heç bir narazılıq yoxdur: “Rüstəm İbrahimbəyov Cəmil Həsənlinin vahid namizəd olması üçün Milli Şuraya müraciət etmişdi. Burada narazılıq ola bilməz. Ola bilsin, Rüstəm bəyin iş qrafiki görüşlərə qatılmağa imkan verməyib”.
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) ali məclisinin sədri Rafiq Manaflı Rüstəm İbrahimbəyovun bu addımı sərt qarşılayıb: “Rüstəm bəy bütün işlərini kənara qoyub, görüşlərdə iştirak etməli idi. Çünki bu adam üzərinə böyük bir missiya götürüb. Deyək ki, onun prezidentliyə namizədliyi təsdiq olunsaydı, yenə belə işlərin dalınca gedəcəkdi?! Yəni missiya həminkidir və axıra qədər də yerinə yetirilməyib. Düşünürəm ki, Rüstəm bəy başqa işlərinə bir qədər fasilə verməlidir. Bütün gücünü bizim də dəstəklədiyimizi Milli Şuraya yönəltməlidir. Onun görüşlərdə iştirak etməməsi düzgün deyil və bu, cəmiyyət tərəfindən birmənalı qarşılanmayacaq”.
R.Manaflı İbrahimbəyovun Milli Şuradan inciməsinin əsassız olduğunu bildirib: “Milli Şura tipli ideyalar əvvəllər də konkret adamlar tərəfindən irəli sürülmüşdü. Amma Rüstəm İbrahimbəyov konkret olaraq adla birlikdə ideyanı da ortaya qoydu. Biz də onun ideyasını həyata keçirdik, onu vahid namizəd elan etdik. Problemlərini həll edə bilməməsi onun bizdən inciməsinə əsas vermir axı. Hər şey etdik, axıra qədər gözlədik, bundan artıq seçkilərin boykotuna gətirib çıxara bilərdi. Biz də əvvəldən demişdik ki, boykot məsələsini qəbul etmirik, mütləq seçkilərdə iştirak etməliyik. Rüstəm İbrahimbəyovun bizdən-Milli Şuradan inciməsinə haqq qazandırmıram. Bəzi adamlar var ki nələrsə deyirlər, yazırlar. Amma Rüstəm İbrahimbəyov millətin təmsilçisi idi, bir-iki nəfərin sözünə inciyəcəksə, bunun axırı necə olacaq?! Rüstəm bəy kimi fiqur incikliyini bu formada büruza verməməlidir. Milli Şura Rüstəm bəyi incik salan heç bir addım atmayıb”.