
AFFA-nın bayrağı altında keçirilən Region Liqasına, demək olar, hər il yeni komandalar qoşulur. Qarabağ erməni işğalından azad olunandan sonra həmin bölgəyə daxil olan rayonların adlarına da komandalar yaradılmaqdadır. Bu komandalardan biri də Şuşaya məxsus olacaq. Növbəti ildən komandanın Region Liqasında çıxış edəcəyi gözlənilir. Klubun yaradıcısı isə vaxtilə Azərbaycanda "Şuşa-Qarabağ” adlı komandanı çalışdırmış, ölkənin tanınmış müəxəssislərindən olan Nadir Qasımovdur.
Klubu hansı şəkildə
formalaşdıracaqlarını, necə maliyyələşdirilcəyini və bununla bağlı proseslərin hazırda
nə yerdə olduğunu öyrənmək üçün Nadir Qasımovla əlaqə saxladıq. O, qarşıdakı
planlar haqda Qaynarinfo-ya danışdı:
"Şuşanın komandasını yaratmaq üçün müraciət etmişəm. Bu il Region
Liqasında iştirak edə bilmədik. Əslində, müraciət etdiyim insanlar mənə
vaxtında "Hə” desəydilər, çatdırardıq. Komanda hazır idi. Oynamaq istəyənlərdən
100-ə yaxın müraciət gəlmişdi. İnşallah, gələn il komandanı çempionata buraxmaq
istəyirik. Əsas sponsor məsələsidir. Çempionata qoşuluruqsa, yaxşı sponsorla
oynamalıyıq. Müəyyən insanlarla söhbətlərimiz olub. Gələn il üçün cavab gözləyirəm”.
Nadir bəy qarşıdakı
planlarla bağlı sualı belə cavablandırdı:
"İlk növbədə
sponsor məsələsini həll etməliyik. Gəliriksə, heç kimdən asılı olmayaq. Əslində,
sponsor da tapmışam. Qalır AFFA tərəfindən dəstək verilməsi. Açığı, Birinci
Diviziona gəlmək istəyirik. Amma bunlar mənə Region Liqasını təklif edirlər. Əvvəllər
Birinci Divizionda oynamışıq. O zaman nə üçün Region Liqasından başlamlıyıq? Yeni
mövsümün başlamasına hələ vaxt var. Allah qoysa, bu il bütün məsələləri həll edəcəyəm.
Lazım olsa, Region Liqasında oynayacağıq. Çünki Azərbaycanda futbola AFFA baxır
və biz onlara tabeyik. Problem deyil, amma yaxşı olardı ki, Birinci Diviziondan
başlayaq. Komandanı 1 il ərzində o səviyyəyə çıxara bilsəm, Birinci Divizionda
oynamaq təklifini yenidən irəli sürəcəyəm. Komandanın oyunları bütün
respublikanı əhatə etməlidir. Söhbət təkcə Region Liqasından getmir.
Çempionatda 15-16 komanda oynamalıdır. Hər halda dəvət etdiyim futbolçular uşaq
olmayacaq. Komandanın yarısını gənclərdən, yarısını təcrübəlilərdən təşkil etmək
istəyirəm. Hətta sonradan Birinci Divizionla yanaşı, Region Liqasına da heyət buraxa
bilərəm. Təbii ki, bu maliyyə şəraitindən asılı olacaq. Rəqbət olmalıdır.
Futbolçu anlamalıdır ki, sabah mən oynamasam, yerimə başqası gələ bilər. Rəqabət
olarsa, inkişaf da gedər”.
Təcrübəli mütəxəssis
sponsorun kim olacağı haqda da məlumat verdi:
"Sponsor elə
azərbaycanlıdır. Amma İran vətəndaşıdır. Təbrizdəndir, özü də futbol adamıdır.
Atası Bakıda doğulub, sonradan iranlı qızla evlənərək Təbrizə köçüblər. İş
adamıdır, həm də dünya səviyyəli ixtiraçıdır. Tanınmış insandır, özü də onlayn
şəkildə prezidentimizə müraciət edib. Azərbayacana gəlmək, ölkəyə milyardlar
qazandırmaq istədiyini deyib. Bundan əlavə, Gənclər və İdman Nazirliyinə də
müraciət etmişəm. Nazirlə görüşmək imkanım olmasa da, nazirlikdə fəaliyyət göstərən
olimpiya çempionumuz Fərid Mansurovla danışmışam. Vəziyyəti başa salmışam. 2013-cü
ildə "Şuşa-Qarabağ” Azərbaycan çempionatında iştirak edib. Ancaq sponsor
tapmadığımıza görə komandanın fəaliyyətini dayandırmışıq. Belə söhbətlərimiz
oldu. Başlamaq üçün böyük planlarımız var. İlk növbədə akademiya açmaq fikrindəyəm.
Hələlik yəqin ki, stadion icarəyə götürüb Bakıda akademiya açarıq. Şuşa vətəndaşlarını
cəlb edərik. Konkursla əməlli-başlı seleksiya aparacağam. Hazırda respublikada
futbolçu qıtlığı var, demək olar, yox dərəcəsindədir. Keçmiş fəaliyyətimi yenidən
bərpa etmək istəyirəm. SSRİ dönəmində Mingəçevirdə akademiya açmışdım. 15 ölkə
arasında mənim məktəbim 3-cü yerə layiq görülmüşdü. Elə akademiya istəyirəm ki,
hərtərəfli olsun. Daha o yaşım deyil ki, kiməsə yalvarım. Hər şey maliyyədən
asılıdır. Pulun mənbəyini tapmışam. Amma həmin şəxs o vaxt razılıq verəcək ki,
Bakıya dəvət olunsun. Yəni, dövlətdən qarant gözləyir. Çünki iş adamıdır. Hər
bir iş adamının öz planları var. O, Azərbaycana sərmayə qoymaq, gəlirlərinin də
bir hissəsini klubumuza vermək istəyir. Bütün bu işləri həyata keçirmək üçün
lazım olan maliyyəni hesablayıb həmin insana təqdim etmişəm. Nazirlə danışıb,
onun Azərbaycana dəvət olunmasına çalışacağam. Səviyyəli iş qurmaq istəyirəm.
Necə ki, hazırda "Qarabağ” həm pul qazanır, həm də işini görür. Belə bir
komanda formalaşdırmaq istəyirəm. Daha yetim-yesir kimi, kiminsə əlinə baxmaq
istəmirəm. Yeni nazirimiz hələ ki, hər şeylə tanış olur, rayonlara gedib-gəlir.
Müraciət edəndə vaxtı olan kimi məni qəbul edəcəyini bildirdilər. Planlar hamısı hazırdır. Demək olar, startdayıq, böyük işlər görmək üçün vəsait
lazımdır”.
Maraqlıdır, Şuşaya
məxsus komandanın yaradılması təşəbbüsünü Nadir bəy özü irəli sürüb, yoxsa ona
təklif ediblər:
"İki il öncə
İrana getmək məcburiyyətində qaldım. Orada tanışlarım var. Sponsorluq üçün
müraciət etməyə adam axtarırdım. Məni həmin şəxslə tanış etdilər. Özü də "Traktorsazi”
rəhbərliyi ilə yaxındır. Hətta onların da dəstəyini aldıq. Dedilər ki,
komandaya necə lazımdırsa, köməklik göstərə bilərlər. Bizə sponsorluq edəcək şəxs
hazırda Antalyada işləyir. Tikinti işləri ilə məşğuldurlar. Ortaqları da xaricdəndir.
Sadəcə, Azərbaycandan qarant istəyirlər ki, onlara şərait yaratsınlar. Məsələn,
Şuşada stadion tikmək istəyirlər. Dünən Şuşadan olan deputatla da görüşüb
müzakirələr apardıq. Söz verdilər ki, bizə dəstək olacaqlar. Şuşaya köçəndən
sonra uşaqlara şərait yaratmaq lazımdır. Sadəcə, təsdiq gözləyirəm. Komandanın
adını da dəyişib "Şuşa Qalası” qoymuşuq. Bu təklifi müharibə veteranları cəmiyyətindən
polkovnik Elxan müəllim irəli sürdü. Mən də dərhal razılıq verdim. Çünki Şuşa
Qarabağa məxsusdur. Klubun loqosunda Xarı Bülbülün təsviri də yer alacaq. Bu
yaxınlarda Şuşadakı vəziyyətə cavabdeh olan şəxslə görüşməliyik. Görüş ya
Bakıda, ya da Şuşada baş tutacaq. Məncə, müsbət cavab alacağam. Çünki bu
Şuşanın gələcəyi üçün lazımlı işdir. Mədəniyyətin bir hissəsi də futboldur”.
Komandanı
kimlərin çalışdıracağı ilə bağlı suala Nadir bəy belə cavab verdi:
"Hələ onların
adlarını demək istəmirəm. Əlbəttə, vaxtilə işlədiyim, tanıdığım insanları dəvət
edəcəyəm. Ola bilər ki, daha məşqçi kimi fəaliyyət göstərməyim. Çünki klubun
prezidentiyəm. Sənədləşmə və digər işlərə mən baxıram. Yəni, məni aldada bilməyəcəklər
(gülür). İşçilərdən də sadəcə düzgünlük tələb edəcəyəm”.
Səbuhi Həsənov