Xəbər lenti

Namus təmizləməyə gələn qədeşin ..."Köhnə piano"su
Orxan Saffari
Sənət13:44 12.02.2021

Namus təmizləməyə gələn qədeşin ..."Köhnə piano"su

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kənan Yusifovun "Köhnə piano” qısametrajlı filminə baxdım. Açığı, baxmaz olaydım. Olduqca uğursuz, sıradan bir iş çıxıb ortaya. Ona görə belə deyib, təəssüf hissi keçirirəm ki, Kənan Yusifovu aktyor kimi qəbul edir, bundan əvvəl çəkdiyi digər filmləri yüksək dəyərləndirirəm. İndi bu cür bir iş görməyi həzm edə bilmirəm. Təbii ki, burda da istisnalar var. Amma indi sözüm bunda yox.
Bu filmdə sevmədiyim nə oldu? - sualına gəldikdə ilk növbədə bunu deyə bilərəm:
- Sünilik!
- Quruluq!
Başdan ayağa quru, süni səhnələrlə dolan bu filmdə orijinal olan bəzi şeylər var idi, o da Kənanın söykəndiyi ağac, çəkdiyi siqaret, kibrit, məktəbin divarları, pianonun səsi...
Canlı olan heç nə! Hətta sondakı oyuncaq daha yaxşı oynadı rolunu, nəinki aktyorlar.
"Ölsəm Bağışla” filminə uğursuz göndərmələri ilə yadda qalan bu film, elə ilk dəqiqələrindən özünü ələ verir. 10 illik həbsdən 2 saatdır çıxan Kənan Yusifov musiqi məktəbinin həyətinə gəlir.
Əvvala, həbsdən o görkəmdə çıxmırlar. Dolayısı ilə, o cür saqqalla "srok" oturmurlar, qədeş! Yəqin ki, müəllif heç vaxt həbsdə olmadığına görə, həbsxananın daxili nizam-intizam qaydalarından da xəbərsizdir. Təki, həmişə xəbərsiz olsun...
Sözümüz cinayət və cinayətkarlardan uzaq, biz qayıdaq öz məsələmizə...
Film, aktyorun musiqi məktəbinin həyətində keçmiş həyat yoldaşını gözləməyi ilə başlayır. 10 illik həbsdən çıxan "kriminalni qərdeşimiz" öz evinə də getməyib, birbaşa keçmiş qayınanasının evinə gedib, qızının hara gedəcəyini öyrənir. Qayınana da qızı kimi gözü qara, qorxmaz olduğundan yerini deyir ki, get, qızımın bağırsağını tök yerə. Heç zərrə də vecinə olmur ki, bu həbsdə olanda qızı evlənib, başqası ilə yaşayır, onu öldürə bilər. Nəysə. Eşq olsun gözü qara xanımlara. Amma belə valideyn olmur, vallah. Göz görə-görə əzrayılın ağzına verib qızını...
Krimanl qərdeşimiz gözləməyindədir, heç nədən qorxmayan xanımımız da öz kefində gəlir. Maşından düşür və guya ki, fikirli şəkildə, heç nə olmamış kimi qədeşimizin yanından keçir. Bu dəmdə, elə bu yerdə, yaxşı ki, qədeş fit çalmağı unutmur.
Açığı, aktrisa Sanura Cəfərovadan da bu cür performans gözləmirdim. Düzdü, onun çox günahı olmasa, dolayısı ilə günahın hamısı ssenarist Kənan Yusifovun özündə olsa da, bütün hallarda rolu necə oynamaq da vacib məsələdir. Bu filmdə isə bunların heç biri tamamlanmayıb.
Və budur... Növbəti bir süni səhnəyə şahidlik edirik. Qorxmaz bacımız həbsdən çıxan həyat yoldaşına elə bir reaksiya verir ki, elə bil, musiqi məktəbinin müəllimini görüb, bu dəqiqə qızının dərslərdə necə olduğunu soruşacaq...
Bacım, görürsən ki, qarşındakı canidir, qazamatdan gəlib, özü də, keçmişiniz var. Həm də heç yaxşı olmayan bir keçmiş. Sən bu dəqiqə onun gözündə fahişə, sadiq olmayan birisən. Qurban olum, o nə reaksiyadır? Heçmi xətri yoxdur? Axı, sevirdin bir vaxtlar. Özü də çox. Salamsız, kəlamsız, "eşitdim, aministiyaya düşmüsən” nədir? Bir şoka düş, gözlərinə inanma, nə bilim, diri oynayın da bir az, diri!
İgidi öldür, haqqını yemə. Filmin yeganə müsbət tərəfi sosial mesajlar, cəmiyyətin ümumi problemləri, həbsxanaya düşən adama yanaşmadan tutmuş, ondan sonrakı həyatda sevginin yoxa çıxması və s. kimi məqamlardır. Qadınların kişidən iqtisadi və digər qınaqlardan dolayı asılı vəziyyətə düşməsi, dolayısı ilə "sahibsiz" damğası... və daha nələr-nələr.
Filmin bundan sonrakı hissəsi söhbətləşmə ilə davam edir. Kriminalni qədeşimizin beyni çönür, hesab sorur, niyə belə olduğunu soruşur, arada söyüş də söyür. O boyda məktəbin qabağında qancıq, qəhbə... Həm də çox qəribə formada. Açığı, Kənanın bu intonasiyası digər rol aldığı filmlərdə də var. Qışqırır. Çox pis həm də. Yeri oldu-olmadı, sinəyə düşdü-düşmədi... 
Həm də, 10 il "srok” oturmuş cayıl oğlansan, bir söyəndə ora-bura bax, bəlkə "ana-bacı" keçir... Axı, aşağı-yuxarı 10 ilini buna qurban vermisən.
"Srokunu çöldə çəkən" xanım da ona cavablar verir, nə etməli olduğunu, necə olmalı olduğunu izah edir. Guya ağlayanfason olur, amma o da o deyil də.
Hələ soruşur ki, indi harda qalacaqsan-zad. Guya, çox da vecinə imiş. Filmin ən quru dialoq yeri bura idi deyərdim. Amma digər bir çox dialoqlar haqqında bunu deyə bilməyəcəm.
Orda gedən dialoqlarda da cəmiyyətin reallığı sosial mesaj kimi verilir. Bu yaxşıdır. Həbsə düşdükdən sonra dostlarının xanıma "girişməsi", qadının təkbaşına qalması, getdiyi hər yerdə seks obyekti kimi baxılması və s.
Uzun sözün qısası, kriminalni qədeşimizin belə-belə beyni çönür, deyir, heç bilməzdim bu musiqinin sədaları altında bunu edəcəm. Meylinə həbsxana düşür yenə. Gəlib, namus təmizləməyə...
Qədeş cibindən bıçaq çıxarır, mən ekranın bu başında həyəcanlanıb qorxuram, aktrisamızın buruq saçının telinə də deyil heç. Sözün əsl mənasında tükü də tərpənmir! Soruşmaq ayıb olmasın, bacım, sənin üstünə gündə neçə dəfə bıçaq çəkirlər ki?!
Hələ bıçaq çıxan kimi xanım "hıh", eləyib deyir, indi niyə gəlmisən? Niyə gələcək, bekarçılıq idi, dedi, gedim görüm nə var, nə yox. Öldürməyə gəlib, öldürməyə! Nəyə gələcək?! Qaç da!
Mən başa düşə bilmirəm ki, səhər-səhər şir ürəyi yeməkdəndir, yoxsa maşından reklamı gedən enerji içkisini bir qurtum alıb, ağzı açıq maşına qoymaqdandır?
Əli bıçaqlı qedəşimizə verilən sual:
- Kinolardakı kimi namusunu təmizləyə gəlmisən?
Kino niyə, real həyatda olmur ki? Kino sizinkidir e, o dediyin real həyatdı.
Sonra da deyir, gəl. Ay bacı, gəl nədi? Hara gəlsin? Gəlsə, bıçaq girəcək e, girəcək!
Bir arxaya çəkil də. Guya indi vecsiz, guya belə hər gün qarşılaşdığın hərəkətdir də. "Öyrəşmisən adam öldürməyə”, - deyir. Bir səhvdi edib, birini öldürüb. Yox, səni də öldürsə, öyrəşib demək olardı...
Sonra yenə eyni şeylər və qəfildən qədeşimizin qızı pəncərədən anasına boylanır.
Budur, yenə bir süni səhnə. Film boyu qızını soruşmayan ata birdən şoka düşür. Başlayır yenidən hesab sormağa, özü də quru kövrək notlarla. Bayaqdan heçmi yadına düşmədi, qatil?!
Ona ata deyirmi? Barmaqları uzundurmu?..
Köhnə pianino qalırmı?..
Görəsən, krimanlni qədeşimiz 10 ildə qızının şəklini belə olsa, bir dəfə istəmədimi? Heçmi görmədi həbsdə? Yaxşı ki, hələ xəbəri var imiş e, qızının olduğundan...
Köhnə mövzuya yenilik qatmaq istəsə də, düşünürəm, bu, bir o qədər də alınmayıb. Yazıda qeyd etdiyim kimi. Amma yenə də ən azından ötürmək istədiyi sosial mesajlara görə nələrisə keçmək olar.
Ümid edirəm, növbəti dəfə eyni və bənzəri tənqidləri yazmağa ehtiyac olmayacaq...
Orxan Saffari