Xəbər lenti

Natiq Cəfərli: "Mən Erkin Qədirli kimi "block"a atmıram" - AÇIQLAMA
Siyasət10:59 23.09.2013

Natiq Cəfərli: "Mən Erkin Qədirli kimi "block"a atmıram" - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən Milli Şuranın Bakıda keçirilən mitinqindən sonra REAL Hərəkatı üzvləri ilə Milli Şura üzvləri və digər müxalifətçilər arasında mitinqdəki insanların sayı, mitinqin ümumi formatı digər məsələlərlə bağlı müzakirə və mübahisələr müşahidə olunur.

Qaynar.info xəbər verir ki, aparılan müzakirələrin nəticəsi olaraq REAL Hərəkatının Məclis sədri Erkin Qədirli bir çox gəncləri facebook sosial şəbəkəsində "block" edib. Bu isə gənclərinnarazılığına səbəb olub. Gənclər ortada heç bir təhqir olmadığı halda E. Qədirlinin belə bir addım atmasını dözümsüzlük kimi qiymətləndirib. 

Milli Şura üzvü Ulvi Həsənli bu barədə münasibət bildirərkən qeyd edib ki, Erkin müəllim özünü siyasətçi hesab edirsə, heç bir təhqir olmayan fikirlərə görə adamları bloka atması hakimiyyətin tənqidi fikirlərə görə insanları həbsə atması ilə eyni şeydir. Sadəcə hansının nəyə gücü, imkanı çatması məsələsi var.

Məsələ ilə bağlı Erkin Qədirlinin fikirlərini öyrənmək istəsək də, o, bizim telefon zənglərimizi cavabsız qoydu. REAL Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli isə Qaynar.info-ya açıqlamasında bildirdi ki, belə halların baş verməsi bəzi insanların siyasəti məzə meydanına çevirmək istəməsi cəhdidir: "Məndə olan məlumata görə, Erkin Qədirli təhqir və böhtanlar yazan insanları "block" edib. Bunu onun özü daha yaxşı bilər. Amma düşünürəm ki, insanın facebook səhifəsi onun özünə məxsusdur və onun şəxsi evi kimi bir yerdir. Onun necə idarə olunması, hansı insanların dostluqda saxlanması insanın şəxsi seçimidir. Əlbəttə ki, ictimai - siyasi aktiv insanlarla digər insanların davranışlarında fərq olmalıdır. Mən özümə cavabdehəm və mənə təhqir yazan insanları yox, onların yazdıqları şərhi öz səhifəmdən silirəm. 

Siyasəti illərdi bir "mırt" məkanına, zarafata çeviriblər.

Ciddi siyasi diskusiyalar, ciddi siyasi debatlar  yoxdur, hər şeyi zarafata, hər şeyi məzəyə çevrimək təşəbbüsü var. Çox təəssüf ki, bu hərəkət bəzi insanlara da sirayət edib və həmin insanlar siyasəti ciddi bir iş kimi görməkdənsə, bir zarafat meydanına, özünütəsdiq meydanına cəhd edirlər. REAL Hərəkəti olaraq, şəxsən Erkin bəyin və mənim də fikrim budur ki, insanlarda siyasətə ciddi münasibət yaradaq. Erkin bəyin bunu dəqiq hansı səbəbdən etdiyini bilmirəm, amma düşünürəm, onun fikri də belədir ki, siyasət ciddi bir meydana çevrilsin.

Mən isə dediyim kimi belə hal olanda o insanları yox, onların yazdıqlarını silirəm. Çünki əminəm ki, zaman keçdikcə onlar haqsız olduqlarını görəcəklər və fikirləri dəyişəcək. Bu günə qədər bir çox məsələlərdə məhz bizim haqlı çıxdığımızı sübut eləmişik".

Ülvi Həsənlinin yazdığına münasibət bildirən N. Cəfərli bildirdi ki, gənclərin belə münasibəti hakimiyyətin hazırda diktə etdiyi yanaşma ilə eynidir: "Ulvi Həsənlini çox yaxşı tanıyıram, yaxşı hörmətim var, səmimi insanlardan biridir. Ancaq onun müqayisəsi çox yersiz bir müqayisədir. Erkin Qədirlinin əlində hakimiyyət yoxdur ki, belə bir müqayisə etsin. Konkret Ulvi Həsənlinin statusunda təhqir yoxdur və mən burda təhqir görmürəm. Bunun səbəbini Erkin Qədirlinin özündən sorüşsanız yaxşı olar. Bəlkə, aralarında şəxsi yazışma olub və ona görə Erkin Qədirli belə bir addım atıb.
Amma onun statusundakı yanaşma çox absurddur. Gəncdirlərsə, yenilikçidilərsə, bu yanaşma absurddur. Bu yanaşma hakimiyyətin diktə etdiyi yanaşmadır. Hakimiyyət öz tikdiyi binalara, yollara yaxşı deyir və tənqidi qəbul etmir, müxalifət də onlara qarşı olan tənqidi fikirlərə adekvat yanaşır".

Pərviz

Qaynar.info