
REAL Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli hakimiyyət və müxalifət münasibətləri ilə bağlı yazı ilə çıxış edib.
Qaynar.info xəbər verir ki, N. Cəfərli yazısında qeyd edib ki, konstruktiv müxalifət olmur, normal ölkələrdə iqtidar partiyasının müəyyən lazımlı, lüzumlu, xalqa və dövlətə xeyirli olan təkliflərinə konstruktiv yanaşaraq, onların qəbuluna mane olmamaq praktikası var. Belə bir sistem olmayanda, məsələn, bizdə, hakimiyyətin “kukla müxalifəti” olur ki, onları da parlamentə buraxırlar, xaricə göstərib, bizdə çoxpartiyalılığın olmasını, güya, sübut edirlər.
Ölkədə müxaliflik anlayışı illərdir devalvasiyaya uğradılıb (hər iki tərəfdən), amma yeni nəsil artıq yetişib, ona görə də, ölkədə müxalif insanları, təşkilatları iki qrupa ayırmaq olar: 1) İllərdir hakimiyyətlə müəyyən separat danışıqları, razılaşmaları, içli-dışlı əlaqələri olanlar, 2) Yeni, gənc, hakimiyyətlə heç vaxt heç bir gizli anlaşmalarda iştirak etməyən, amma, müəyyən açıq-aşkar, bağlı qapılar arxasında deyil də, cəmiyyət qarşısında diskussiyalara açıq olan qüvvələr. Bir sözlə, məncə, qeyri-real, və real müxalifət bölgüsü daha doğrudur...
Natiq Cəfərlinin “kukla müxalifəti”, "Parlamentə buraxılan müxalifət" deyəndə kimi nəzərdə tutur? Yazıda bu məsələ aydınlaşmadığı üçün bəzi parlamentdə təmsil olunan partiya liderləri ilə əlaqə saxladıq.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Qaynar.info-ya açıqlamasında hesab edir ki, Natiq Cəfərli onun rəhbərlik etdiyi partiyanı nəzərdə tutmur: "Natıq bəyin özündən soruşun. Konkret "Ümid" Partiyasının nəzərdə tutursa, məsələyə münasibət bildirim".
N. Cəfərli Qaynar.info-ya açıqlamasında bildirib ki, o, bu yazısında ümumi durumu nəzərdə tutur. Konkret partiyalara gəlincə isə N. Cəfərli bunları deyib: "Ana Vətən Partiyasını, Sabir Rüstəmxanlının partiyasını götürək elə. Hərəsinin səhv etmirəmsə, parlamentdə 2 deputatı var. Ancaq varlıqları hiss olunmur heç. Heç bəzilərinin adını belə bilmirik. Bunlar müxalifət görüntüsü yaratmaq üçün parlamentə buraxılan insanlardı. Hakimiyyət də bundan çox gözəl istifadə edir. Söhbət İqbal bəydən getmir. Əksinə, İqbal bəy parlamentdə çox nadir şəxslərdəndir ki, heç olmasa arada çox ciddi və kəskin çıxışlar edir".Pərviz Əzimov
Qaynar.info