
REAL Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərlinin Qaynar.info-ya müsahibəsi:
- Natiq bəy, REAL Hərəkatının İdarə Heyətinin toplantısı keçirildi. Hərəkat Milli Şuranın mitinqi ilə bağlı hər hansı qərar verdimi?
- Toplantının gündəliyində Milli Şuranın mitinqi yox idi. Mitinqə qoşulmaqla bağlı bizim əvvəldən verdiyimiz qərar var və bu ümumi xarakter daşıyır. REAL ancaq özü təşkilatçılıq etmiş tədbirlərə insanları kütləvi şəkildə dəvət edir. Təşkilatçısı olmadığımız mitinqlərə REAL-ın üzvləri sərbəst toplaşmaq hüququndan istifadə edib qoşula bilər, o cümlədən Milli Şuranın mitinqinə. Bu bizim 2 il öncə verdiyimiz qərardır və bu qərara sadiqik. Böyük ehtimalla mitinqə özüm də qoşularam.
- Milli Şuranın keçirdiyi mitinqin tələbləri REAL-ın mövqeyi ilə üst-üstə düşürmü?
- Tələblərdə heç bir problem yoxdur. Sadəcə, söhbət təşkilatçılıqdan gedir. Yəni biz, təşkilatçılığında iştirak etmədiyimiz tədbirlərə kütləvi şəkildə çağırış etmirik. Tələblər əlbətdə ki, normal tələblərdir. Qiymət artımına vətəndaşların etiraz etməsi lazımdır. Yanvar ayında başqa qiymətlərin də artmasını proqnozlaşdırmaq elə də çətin deyil. Çünki yanacağın bahalaşması, digər sahələrə də öz təsirini göstərəcək.
- Mitinqin təşkilatçılığında REAL niyə iştirak etmirdi? Dəvət olunmamışdı ya siz özünüz imtina etdiniz?
- Çünki biz Milli Şuranın üzvü deyilik və bununla bağlı may ayında prinsipial qərar qəbul etmişdik. Gözləntilərimiz var idi, o gözləntilərimiz təmin olunmadı və bizim irəli sürdüyümüz məsələlər sonradan haqlı olduğumuzu sübut etdi. Çünki, Milli Şuranın işləməsində ciddi problemlər yaşandı, strategiyasında və taktikasında da problemlər yaşandı. Hansı ki, bu problemlərin olacağını biz öncədə proqnozlaşdırmışdıq.
- Mitinqin irəli sürdüyü tələblərə uyğun olaraq hər hansı nəticələrın əldə olacağına ümidiniz varmı?
- Nəticənin necəliyi vətəndaşların tutacağı mövqedən asılı olacaq. Əgər hökumət görsə ki, qiymət artımı vətəndaşlar üçün ciddi bir narahatçılıq yaradıb və bu say etibarı ilə, iştirakçıların davamlılığı etibarı ilə çox olacaqsa, əlbətdə ki, hökumət geri addım atacaq. Amma davamlı olmayacaqsa və vətəndaşların iştirakı zəif olacaqsa, düşünmürəm ki, hökumət geri addım atsın.
Pərviz
Qaynar.info