
AXCP mətbuat xidmətinin rəhbəri, jurnalist Natiq Ədilov qarşılaşdığı durumla bağlı açıqlama yayıb.
N.Ədilov bildirib ki, övladını Gürcüstana müalicəyə qardaşı Murad Ədilovun həbsindən əvvəl aparmalıydı. Ancaq Muradın həbsinə görə aldıqları bileti də geri qaytarıblar.
"Nəhayət, qərara gəldik ki, Tiflisə gedək və orda müayinə olsun. Qatara bilet aldıq. Böyük Kəsik stansiyasında sərhədçilər sənədləri yoxladılar və bildirdilər ki, sizin pasportun fəaliyyəti dayandırılıb. Halbuki, pasportumun vaxtının bitmə tarixi 2021-ci ildir. Sual etdim, qardaşlar belə bir şey nə deməkdi, bu mənim başıma gəlib, ya əvvəl də belə hal olub. Dedilər, olub, sən tək deyilsən. Tələb etdim ki, o zaman mənim qatardan endirilməyimlə bağlı akt verilsin, verdilər. Orda da yazılır ki, pasport fəaliyyətsiz olduğu üçün sərhəddən buraxılmır. Əlavə olaraq öyrəndim ki, pasportumla bağlı avqust ayından DİN belə bir göstəriş verib", - deyə jurnalist bildirib.
Natiq Ədilov daha sonra yazır: "Deməli belə çıxır ki, hələ heç bir bəhanə olmasa belə hökumət məni nə vaxtsa tutmaq qərarı verib. Ona görə hər etimala qarşı belə qərar verilib ki, istəyəndə tutsunlar. Yoxsa, hələ ki, heç bir cinayət ittihami irəli sürülməmiş şəxsin xarici pasportunu ləğv etmək nə deməkdir? Bu həbslərin planlı olduğunun sübutu deyilmi? Nəhayət, mən soruşmaq istəyirəm: axı ilk gündən deyirəm, mənim azadlıqda olmağım hakimiyyəti narahat edirsə, niyə həbs edib bu problemdən qurtarmırlar. Nə vaxta qədər ailə, uşaq məsələsi ilə rəqiblərin üstünə gələcəksiniz?"
Jurnalist yaranan problemlə bağlı sentyabrın 9-da daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini və eyni zamanda, vəkillərin iştirakı ilə məhkəmə iddası qaldıracağını bildirib.
Xatırladaq ki, Sentyabrın 8-də AXCP mətbuat xidmətinin rəhbəri, «Azadlıq» qəzeti və «Azərbaycan Saatı» proqramının əməkdaşı Natiq Ədilov Gürcüstana getmək istəyərkən «Sınıq körpü» gömrük postundan buraxılmamışdı.
Elkin Xəlilov
Qaynar.info