Xəbər lenti

NATO-nun Kiyev və Tiflis “sevgisi” Azərbaycana ziyan verə bilər... (ŞƏRH)
Siyasət11:08 10.02.2022

NATO-nun Kiyev və Tiflis “sevgisi” Azərbaycana ziyan verə bilər... (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu açıqlama Tiflis və Kiyevə NATO-nun dəstək verməsi mənası daşıyır. Eyni zamanda, NATO-nun Ukrayna və Gürcüstanın arxasında, yanında olması mesajıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy NATO baş katibi Yens Stoltenberqin qurumun iyunun 29-30-da olacaq sammitinə Gürcüstanla Ukraynanın da dəvət edilməsinin vacibliyini vurğulamasına münasibət bildirərkən deyib: 
"Bu, həm də Rusiyaya NATO-nun öz qərarlarında qəti olduqları fikrinin aşılanması deməkdir. Digər tərəfdən, ola bilsin, qurumun iyun toplantısında Kiyev və Tiflislə bağlı müəyyən fikir və qərarlar da səsləndirilsin. Bu, heç də o anlama gəlməməlidir ki, Gürcüstan və Ukraynanı NATO-ya alacaqlar. Amma müəyyən sahələrdə, məsələn, qarşılıqlı əməkdaşlıqda yeni proqramlar ortaya qoyula, hətta ola bilsin, NATO-Ukrayna və NATO-Gürcüstan arasında indikindən fərqli formada daha yeni proqram gündəmə gələ bilər.
Amma ekspertin fikrincə, qurumun iyun sammitinə Tiflislə Kiyevi dəvət etməsi özü ilə yanaşı həmçinin müəyyən risklər də gətirəcək. Çünki həmsöhbətimizə görə, onun baş verməsi Rusiyanın regiona yönəlik reaksiyası və fəallığını daha da artıracaq: 
"Bu fonda Rusiya xüsusən hərbi müstəvidə Qara dəniz və Qafqazda daha aktiv fəaliyyətə keçəcək. Bu isə öz növbəsində həmçinin Azərbaycan üzərinə təsir, təşviq və müəyyən mənada təzyiq forması olaraq da yönələ bilər. Belədə Kreml yaxın ətrafından ikili əsasda, yaxud kollektiv təhlükəsizlik konteksində daha irəli münasibətlərin qrurulmasını tələb edə bilər. Hətta belə vəziyyətdə rus ordusunun cavab addımı olaraq Ukrayna ilə yanaşı, Gürcüstan sərhədinə də toplana biləcəyi, Ermənistandakı hərbi qüvvələrini artırması, Qara dənizdə fəallığını gücləndirməsi də istisna deyil”. 
N. Cəfərsoy düşünür ki, NATO-nun bu istəyi həmçinin Qarabağdakı rus sülhməramlıların səlahiyyətləri ilə bağlı müzakirələrə müəyyən mənfi təsir göstərər, onların Azərbaycanda daha uzun müddətə qalmaq istəklərini də gücləndirə bilər: 
"Bu isə Azərbaycanın arzu etmədiyi haldır”.
Rüfət Sultan