"Moskvanın Qarabağda sülhməramlı adı altında mövcudluğu Gürcüstanı NATO-ya daha sürətlə yaxınlaşdıracaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın Qarabağ müharibəsindən sonra Gürcüstan ətrafında Rusiya hərbi qüvvələrinin sayının artması və bunun Tiflisin təhlükəsizliyilə bağlı vəziyyəti yaxşılaşdırmadığı barədə verdiyi müsahibəsinə münasibət bildirərkən deyib. Politoloq qeyd etdi ki, NATO ilə Rusiya Cənubi Qafqazda maraq toqquşması aparır:
"Bunu indilikdə Gürcüstanın timsalında görürük. NATO rəsmisinin verdiyi bu mesaj təbii ki, birbaşa Rusiyaya yönəlib. Görünən odur ki, NATO Cənubi Osetiya və Abxaziyanın ardınca, Qarabağda da Rusiya sülhməramlılarının olmasını özü üçün birbaşa təhdid hesab edir. Eyni zamanda, bu açıqlama ilə qurum nümayəndəsi bölgədə Moskvanın destruktiv fəaliyyətinə baxmayaraq, Gürcüstanın NATO-ya inteqrasiyası prosesini davam etdirəcəyinə işarə edir. Deməli, Rusiyanın regionumuzda olmasına rəğmən, NATO bölgə ilə bağlı strategiyasından geri çəkilməyəcək. Əksinə, Kremlin belə hərəkətləri, Qarabağda olması, NATO-nun bölgədə daha da aktivləşməsinə, Tiflisin quruma üzvlüyünün tezləşməsinə gətirib çıxaracaq”.
Həmsöhbətimizin fikrincə, NATO rəsmisinin rus qüvvələrinin Azərbaycanın Qarabağ ərazisində olmasının Gürcüstan üçün təhdid yaratdığını bəyan etməsi həm də onu göstərir ki, belə vəziyyət Şimali Atlantika Alyansını ciddi narahat edir:
"Bu mesaj həm də ona işarədir ki, NATO Rusiyanın bölgədən çıxarılması və zəiflədilməsi üçün əlindən gələni edəcək. Bir sözlə, Moskvanın Qarabağ da daxil olmaqla bölgədə mövcudluğu Gürcüstanın NATO-ya üzvlüyünü daha da yaxınlaşdıracaq”.
Rüfət Sultan