Ekonomiks 13:10 07.06.2022

Naxçıvana biletləri AZAL qaldırıb, yoxsa Nazirlər Kabineti? - Ekspertin rəyi

"Ötən gün AZAL qiymətləri artırmadı, burada məsələ bir az başqadır. Nazirlər Kabineti Naxçıvana uçuşların təşkilində hər bir sərnişinə verilən subsidiyanın məbləğini 10 manat azaltdı. Bu azalma da avtomatik olaraq vətəndaşın ödədiyi məbləğin artmasına gətirib çıxardı”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov Bakı-Naxçıvan hava yolu biletləri qiymətlərinin 50 manatdan 60 manata qaldırılması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Ekspertin sözlərinə görə, əvvəl 70 manat dövlət və vətəndaş arasında 50 manatın 20 manata nisbətində bölünürdü:
 
"İndi isə dövlət və vətəndaş arasında 60 manatın 10 manat nisbətində bölünəcək. Vətəndaş 60 manatdır, yəni 10 manat da artıq ödəyəcək”.
 
Rəşad Həsənov bildirib ki, burada bir fundamental problem var - Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma çox bahalıdır:
 
"Çünki bu istiqamətdə rəqabətli mühit yoxdur, dövlət siyasəti düzgün qurulmayıb. AZAL hava yolu şirkətidir, eyni zamanda hava nəqliyyatı infrastrukturu bütövlükdə idarəetməsi Naxçıvan hava limanı istisna olmaqla AZAL-a həvalə olunub. Belə bir şəraitdə AZAL hava nəqliyyatı infrastrukturunu götürüb öz maraqları çərşivəsində istifadə edir. Burada maraqlar konfilikti yaranır, hava nəqliyyatı infrastrukturunu hava yolu şirkəti idarə edir. Bu öz həllini tapmayınca problem qalacaq. Eyni zamanda AZAL-ın əlahiddə qeyri-rəsmi üstünlükləri var, ölkə bazarına xarici şirkətlərin buraxılmasına yaradılan süni maneələr, hansısa qiymətlərin müəyyən edilməsi və s. bu kimi nailiyyətlərdən istifadə etməklə uyğun olmayan monopoliyanı öz əlində saxlayır. Bu, əsas problemdir”.
 
Rəşad Həsənov hesab edir ki, ümumiyyətlə, Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma qiymətləri dünyanın ən bahalı xidmətləri sırasına daxil edilib:
 
"İnsanlara "komfort şəraitlərimiz var” deyə izahatlar verilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisinə əlçatan, alına bilən, əhalinin alıcılıq gücünə uyğun xidmət təklif edilməlidir. Bu, problemin birincisi. İkincisi, Gürcüstanla bağlı məsələ quru sərhədlərin açılmaması səbəbindən yaranan əsas problemlərdən biridir. Bu qiymətləri alqoritmlər formalaşdırır. Biletlər satılıb yerlər azaldıqca, təyyarədə alqoritmlər biletləri bahalaşdırır. Bu bütün dünya hava yolu şirkətlərinin istifadə etdiyi yananşamdır. Quru yol bağlı olduğu üçün tələb kəskin şəkidə artır və belə bir şəraitdə alqoritmlər yüksək qiymət təklif edir. Amma Naxçıvanla bağlı məsələ tamamilə fərqlidir. Burada hava nəqliyyatı ilə daşımaya dövlət büdcəsindən subsidiya verilirdi". 
 
Bahar Rüstəmli