Regional kommunikasiyaların açılması üzrə işçi qrupu Arazdəyən (Yerasx)-Horadiz dəmir yolunun mərhələli şəkildə açılması variantını müzakirə edir.
Qaynarinfo sputnik.am-a istinadla xəbər verir ki, bunu çərşənbə günü jurnalistlərə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi işçi qrupun müzakirələrini şərh edərkən deyib.
Müzakirələrə çıxarılan variantlardan biri də odur ki, Meğri və Mincivan-Horadiz hissələrində yeni dəmir yolunun çəkilməsini gözləmədən Naxçıvandan İrana kommunikasiya açılsın (çünki əvvəllər tikintinin üç il çəkə biləcəyi bildirilirdi).
"Mövcud infrastrukturun köməyi ilə həyata keçirilə biləcək istənilən blokun açılması ehtimalı, əlbəttə ki, bizim üçün arzuolunandır. Amma bu, danışıqların mövzusudur və mən hələ ki, hansı razılığa gələcəyimizi deyə bilmərəm", - Qriqoryan bildirib.
Qriqoryan deyib ki, onlar həmçinin daha bir dəmir yolunun - İcevan-Qazax (Ermənistanın şimal-şərqindən keçir) açılması imkanlarını müzakirə ediblər. Buna baxmayaraq, bu mərhələdə məsrəflərin və nəticələrin ağlabatan nisbətini verən ən real layihələr nəzərdən keçirilir:
"Gündəlikdən heç bir variant çıxarılmasa da, indi danışıqların bu mərhələsinə aid olan məsələlər müzakirə olunur”.
O əlavə edib ki, Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpası məsələsinə indiyədək heç bir təfərrüat olmadan yalnız konseptual səviyyədə baxılıb.
Qeyd edək ki, dekabrın 22-də Qriqoryan rusiyalı həmkarı Aleksey Overçukla birgə İrəvanda Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasını keçirib.
Alpər