"Bu o demək deyil ki, Naxçıvan üzrə səlahiyyətli nümayəndə muxtar respublikanın rəhbəri olacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Hafiz Həsənov dövlət başçısının fərmanı ilə Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təsis edilməsinə münasibət bildirərkən deyib.
"Ölkəmizdə belə bir təcrübə var. Yeni təyinat icra hakimiyyəti strukturunda faktiki regional idarəetmə formasıdır. Ancaq bu nümayəndəliklər və ora təyin olunanlar Prezident Adminstrasiyasının işçiləri hesab olunur. Onlar da əsasən iqtisadi, quruculuq xarakterli proqramları həyata keçirməklə məşğuldurlar. Bu o demək deyil ki, Naxçıvan üzrə səlahiyyətli nümayəndə muxtar respublikanın rəhbəri olacaq. Amma ola bilsin ki, bu addım muxtar respublikada daha çevik idarəetməyə gətirib çıxarsın”, deyə hüquqşünas bildirib.
Hafiz Həsənov hesab etmir ki, bu yeni təsisat Naxçıvan Muxtar Respublikasının statusunun ləğvinə gətirib çıxaracaq:
"Bunun üçün referendum keçirilməlidir. Bu məsələdə Türkiyə və Rusiya arasında Naxçıvanın statusu ilə bağlı 1921-ci ildə bağlanan müqavilə də əsasdır. Naxçıvan MR ali vəzifəli şəxsi Ali Məclisin sədridir. Səlahiyyətli nümayəndə onun vəzifəsini əvəz etmir. İndiki halda bu yoxdursa, muxtar qurumun Konstitusiyası ilə səlahiyyətlər parlamentin yeni sədri seçilənə qədər yəqin ki, baş nazirə ötürüləcək”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təsis edilməsilə bağlı fərman imzalayıb. Prezidentin digər sərəncamı ilə Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.
Rüfət Sultan