
“General-mayor Vaqif Məmmədovun fəaliyyəti ciddi şəkildə yoxlanılır və bu yaxınlarda Müdafiə Nazirliyinin təqdimatı ilə onunla da bağlı ciddi qərar qəbul edəcək”.
Qaynar.info xəbər verir ki, bu sözləri “Axar.az”a açıqlamasında müdafiə nazirliyindəki son dəyişiklikləri şərh edən hərbi ekspert Üzeyir Cəfərov deyib.
O, Zakir Həsənovun yeni təyinatını son günlər verdiyi ən uğurlu qərarlardan biri olduğunu bildirib: “Hesab edirəm ki, bu, Zakir Həsənovun son vaxtlar qəbul etdiyi ən uğurlu qərarlardan biridir. Polkovnik Rüfət Əmirovun və general-leytenant Kərim Vəliyevin vəzifəyə gətirilmələri çox yaxşı xəbərlərdir. Bu ordu və dövlət tərəfindən çox müsbət qarşılanır. Çoxdan belə bir addım atılmalıydı. Bu adlarını çəkdiyim iki insan Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasında mühüm rol oynayıblar. Sadəcə bəzi şəxslərin gözü götürməzliyi ucbatından bu şəxslər bir müddət kənarda qaldılar. Şükürlər olsun ki, bu gün Müdafiə Nazirliyi barədə belə qərar qəbul edilib. Açığı deyək ki, o, hazırda Azərbaycan generalları arasında ən təmiz və intellektual səviyyəsi ən yüksək olan şəxsdir. Mən bu insanla 4 ilə yaxın xidmət keçmişəm. Bilirəm ki, bu insan müharibədə iştirak edib və kiçik vəzifələrdən general rütbəsinə qədər gəlib. Çingiz Məmmədov general Kərim Vəliyevin bildiklərinin heç 20%-ni bilmir. Kərim Vəliyev döyüş meydanlarında general-leytenant olub. Onun xidmətləri həm eks-prezident Heydər Əliyev, həm də indiki hakimiyyət tərəfindən daim qiymətləndirilib”.
Hərbi ekspert hazırda general Vaqif Məmmədovla bağlı ciddi araşdırmalar aparıldığını deyib: “Məlumata görə, general Vaqif Məmmədovla bağlı çox ciddi araşdırmalar aparılır, fəaliyyəti ciddi şəkildə yoxlanılır. Bu yaxınlarda Müdafiə Nazirliyi onunla da bağlı bir qərar qəbul edəcək”.
Ü.Cəfərov Çingiz Məmmədovun istefaya getməklə yaxasını istintaqdan qurtara bilməyəcəyini söyləyib: “Çingiz Məmmədovun istefaya göndərilməklə istintaq məsuliyyətindən qurtaracağını düşünmürəm. Eks-nazir müavininin bir sıra qərarları var ki, bunlara aydınlıq gətirilməlidir. Mən bəzi şeyləri açıb ağartmaq istəmirəm. Amma hesab edirəm ki, hər kəs etdiyi əməllərinə görə cavab verməlidir. Hazırda həbsdə olan Mirzəli Yusifov Azərbaycan Ali Hərbi Məktəbinin rəhbəri kimi onun tabeliyində olub”.
Qeyd edək ki, Müdafiə nazirinin eks-müavini general-leytenant Çingiz Məmmədov Prezidentin sərəncamı ilə vəzifəsindən uzaqlaşdırılıb.
Qaynar.info

