"AB-nin Brüsseldə ortaya qoyduğu real davranış Bakı tərəfindən müsbət dəyərləndirildi və Azərbaycan 10 hərbi əsiri qaytarmaqla sözügedən qurumun prosesdə iştirakına yol açdı”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri dekabrın 19-da Azərbaycanın 10 nəfər erməni hərbi əsiri geri qaytarması addımını nəyin qarşılığında atdığına aydınlıq gətirərkən deyib.
Həmsöhbətimizin fikrincə, bu addım Bakı tərəfindən atılan siyasi jestdir:
"Jest olaraq əsirlikdə olan 10 erməni diversant hərbçini qaytarmağımızın 15 dekabr Brüssel və ya Soçi görüşündə əldə olunan razılaşmalarla hər hansı bir əlaqəsi yoxdur. Bu məsələ həmçinin, Ermənistanın verdiyi qeyri-dəqiq mina xəritələrilə də bağlı deyil. Bu məsələ daha çox humanitar və siyasi baxımdan Azərbaycan tərəfindən atılan siyasi jestdir. Bundan əvvəl Soçi görüşündə Azərbaycan 2 erməni vətəndaşını Ermənistana qaytardı. Ardınca general Muradovun təşəbbüsü ilə daha 10 erməni İrəvana qaytarıldı. Brüssel görüşündə isə Bakı Avropa Birliyinə (AB) yönəlik növbəti jest etdi”.
Ekspert bildirir ki, Bakı həmin jesti heç də AB-nin xətri üçün atmayıb:
"Brüssel görüşü Azərbaycan üçün çox əhəmiyyətli oldu. O mənada ki, Qərb Azərbaycanın postmünaqişə reallığını qəbul etmək məcburiyyətində qaldı. Bakı istəməsə, Qərb regiona gələrək prosesdə iştirak edə bilmirdi. AB regionda sərhədlərin müəyyənləşməsi və kommunikasiyaların açılması prosesində iştirak etmək istəyir. Ancaq bunun üçün ilk növbədə Bakının razılığına ehtiyac var. Qərb bütün bunları anladığından Brüssel görüşündə Azərbaycanın irəli sürdüyü reallığı qəbul etməli oldu. Ona görə də Brüssel görüşündə bərabərhüquqlu və daha konkret, praktik təfsilatlı təkliflər və görüş həyata keçirildi. AB həmçinin ekspertləri vasitəsilə sərhədlərin müəyyənləşməsi prosesinə və kommunikasiyaların açılması məsələsində maliyyə yardımı edəcəyilə bağlı konkret təklifləri ortaya qoyub. Bu isə sözügedən məsələlərdə prosesin sürətlənməsinə xidmət edə bilər. Bu da müsbət hadisədir. Çünki ortada problemin birmənalı həllində maraqlı olmayan Rusiyaya alternativ yaranır”.
N. Mirinin fikrincə, bu jestlə Bakı münaqişənin davam etməsində deyil, əksinə bölgədə sülhün bərqərar olmasında maraqlı olduğunu bir daha ortaya qoydu.
Rüfət Sultan