Xəbər lenti

Nə qədər pul ehtiyatımız var?
Ekonomiks12:12 05.03.2017

Nə qədər pul ehtiyatımız var?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Manatın kəskin dəyər itirməsindən sonra dövlət büdcəsində ciddi azalma baş verdi. Dollar ekvivalentində büdcə vəsaiti 8 milyarda qədər aşağı düşdü.
Qeyd edək ki, 2014-ci ilin analoji dövründə bu rəqəm 20 milyard civarında idi.Ümumiyyətlə ölkənin böhran dövründə əsas yük ehtiyat fondlarının üzərinə düşür.Dövlət əmanət fondlarında saxlanılan valyuta böhran dövründə iqtisadi aktivliyi, dövriyyədəki pul kütləsini və digər amilləri qorumaq üçün xərclənilir.Bəs Azərbaycanda dövlət ehtiyat fondu varmı?Yoxsa ölkə yalnız Dövlət Neft Fondunun ümidinə qalıb?
“Cümhuriyət” qəzetinə açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, Azərbaycanda ehtiyatlar əsasən iki, Dövlət Neft Fondunda və Azərbaycan Mərkəzi Bankında cəmləşir: “Bu iki ünvanda cəmləşən valyutaların cəmi ölkənin strateji valyuta ehtiyatları hesab olunur. Hazırda bu göstərici ölkə üzrə 37 milyarda bərabərdir.Bunun 33.5 milyardı Neft Fondunda, 4 milyardı isə Mərkəzi Bankda cəmləşir.Bu fondlar ölkə iqtisadiyyatı üçün növbəti illərdə baş verə biləcək hər hansı risklərdən sığortalanması üçün formalaşdırılır.Fondların idarə edilməsi zamanı bu vəsaitlərin həcminin artırılması və növbəti dövrlərə ötürülməsi nəzərdə tutulur.Hazırda 2014-cü illə müqayisədə fondların həcmində azalma baş verib.Belə ki, Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 2014-ci ilin sonunda 54 milyarda qədər yüksəlmişdi.Hal-hazırda isə bu vəsaitin 17 milyarda yaxını itirilib.Bunun 11 milyardı məhz Mərkəzi Bank tərəfindən valyuta bazarlarında intervensiyaların həyata keçirilməsi nəticəsində xərclənib. Burada məqsəd növbəti dövrlər üçün valyuta sabitliyini qoruyub saxlamaq olsa da amma sonra bu məqsədə nail olunmadı”.
Ekspert həmçinin əlavə edib ki, digər fondlarda cəmləşən valyutalar manatla ifadə olunur və ölkənin kredit reytinqinə heç bir təsiri yoxdur: “Prezidentin ehtiyat fondu isə dövlət büdcəsindən maliyyələşir və vəsaitlər manatla ifadə olunur. Büdcə gəlirləri hesabına formalaşır.Bu ölkə başçısının prioritet hesab etdiyi istiqamətlərdə xərcləməsini nəzərdə tutan bir mexanizmdir. Bundan başqa Azərbaycanda Maliyyə Nazirliyinin özünün ehtiyat fondu var. Artıq həm prezidentin, həm də Maliyyə Nazirliyinin ehtiyat fondu manatla ifadə olunan və ölkənin kredit reytinqinə, gələcəkdə iqtisadi dayanıqlığına hər hansı bir təsiri yoxdur. Azərbaycanın strateji ehtiyyat fondu yalnız Dövlət Neft Fondu və Mərkəzi Bank tərəfindən formalaşdırılır”.
Qaynar.Az