Xəbər lenti

Səbuhi Həsənov
İdman 17:24 22.07.2021

"Neftçi" yunanları keçə bilməyəcək

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Yunanıstanda "Olimpiakos"un qonağı olan "Neftçi" minimal hesabla məğlubiyyətə uğradı. Gözlənildiyi kimi matç bitəndən sonra komandanın oyunu haqda müzakirələr başladı. Flaqmanın yaxşı oynadığını deyənlər də var, zəif çıxış etdiyini söyləyənlər də. Əlbəttə, hər kəsin fikirlərinə hörmətlə yanaşmaq lazımdır. Fikirlər hamısı eyni ola bilməz. Eyni olan odur ki, hamımız "Olimpiakos"la Bakıda baş tutacaq qarşılaşmada "Neftçi"dən qələbə gözləyirik. Bəs bu qələbəyə çatmaq, növbəti mərhələyə adlamaq üçün klub nə edir?

Maraqlı sualdır. Amma cavabı da var. Bunun üçün komandanın oyununa baxmaq, transfer siyasətini izləmək yetər. Açığı, hərdən mənə elə gəlir ki, Azərbaycan çempionunun rəhbərliyi komandaya inanmır. İnanmır də qardaş. Hətta düşünürəm ki, 0:1 hesablı məğlubiyyət də rəhbərlik üçün gözlənilməz olub. Çünki inansaydı, Çempionlar Liqası kimi məsuliyyətli yarışa daha ciddi hazırlaşardılar. Ən azı 5-6 transfer həyata keçirərdilər. Klub rəhbərliyinin strategiyasını nəzərdə tuturam. Məsələn, yunan klubunun hər oyun üçün iki heyəti mövcuddur. Bu klubun təcrübəsindən və Çempionlar Liqasının məsuliyyətini anlamalarından irəli gəlir. Baş məşqçi Samir Abasov az qala hər mətbuat konfransında dili ilə deyir ki, yeni transferlərə ehtiyac var və komandada bu baxımdan durum heç də yaxşı deyil. Bəli, elədir ki, var. Adam həqiqəti söyləyir. Çünki "Neftçi" boyda camiənin, azarkeşlərin təzyiqlərinə dözmək o qədər asan deyil. Samir bəy bu məsuliyyəti yaxşı dərk edir. Demək olar, hər dəfə də rəhbərliyə mətbuat vasitəsilə mesajlarını çatdırır. Necə olacaq? Bu gedişlə heyətində Valbuena və başqa keyfiyyətli ulduz futbolçuların yer aldığı "Olimpiakos"u keçmək yalnız arzu kimi qalacaq. Bəli, "Neftçi" "Olimpiakos"u keçməyə tam hazır deyil. 

Komandanın Yunanıstandakı matçını izləyənlər deyə bilər ki, "Neftçi" yaxşı oynadı, amma uduzdu. Əslində, "Neftçi" rəqibindən daha yaxşı oynasa, az səhv buraxsa uduzmazdı. Deməli, "Neftçi" zəif çıxış edib. "Olimpiakos"un da super oyun göstərdiyini demirəm. Ancaq bütün hallarda yunanlar Samir bəyin futbolçularından daha inamlı və az səhvlə oynadı. Bunu anlamaq o qədər də çətin deyil. "Neftçi" rəhbərliyi bu məsələlərə ciddi yanaşmır. Ya da yuxarıda yazdığım kimi, sadəcə komandanın daha irəli gedə biləcəyinə inamları azdı. Sözdə "inanıram" deməklə, iş görmək eyni deyil. Bəli, transfer etməyə bilərsən. Ancaq bu, o halda mümkündür ki, komanda, məsələn "Qarabağ" kimi bir-birini yaxşı, gözüyumulu başa düşür. Hər il kiçik dəyişikliklərlə oyun üslubunu saxlayır və yeni gələnlərin də buna alışması uzun sürmür. "Neftçi" isə hər il fərqli oyun üslubu ortaya qoyur. Şübhəsiz, bu baş məşqçilərin əlcək kimi dəyişdirilməsi ilə də əlaqədardır. Hamı öz fəlsəfəsini komandaya mənimsətməyə çalışır. Bu səbəbdən "Neftçi"nin yunan klubunu keçməyə tam hazır olmadığını söylədim. 

Hə məsələnin digər tərəfini də deyim. "Olimpiakos"la Bakıdakı oyuna qədər yeni transfer olsa belə yenə "Neftçi"nin durumu dəyişməyəcək. Çünki gələn futbolçunun uyğunlaşma prosesi var və bunu arxada qoymaq üçün zaman lazımdır. Yoxsa, məsələn Romen Bask kimi tam hazır olmayan legionerlərin, hələ "Neftçi"ni çiynidə tək daşıya biləcək gücə sahib olmayan Mirabdulla Abbasovun ümidinə qalacaqsan. "Neftçi" camiəsi Namiq Ələsgərovun sağalıb "Olimpiakos"la oyunda meydana çıxmasına ümid edirdi. Amma futbolçunun zədəsi ciddi olduğu üçün əməliyyata ehtiyac duyuldu. Bu isə böyük ehtimalla Namiqin cavab matçına yetişməyəcəyi anlamına gəlir. Sabah böyük ümidlər bəslənən Mirabdulla da eyni xoşagəlməz halla üzləşə bilər. Bəs o zaman "Neftçi" nə edəcək? Bax, bu sualın cavabını isə klub rəhbərliyi bilər...

P.S. Başlıq sadəcə, ehtimaldır.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->