Dünyanın iri neft istehsalçılarının Qətərin paytaxtı Dohada aprelin 17-də keçiriləcək görüşündə hasilat ölkələrin üçün əlverişli anlaşma əldə edilə bilər.
Anspress-ə müsahibə verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban OPEK-ə daxil olan və daxil olmayan neft ölkələrinin hasilat səviyyəsi barədə hər kəsi qane edən ortaq məxrəcə gələcə biləcəklərini düşünür. Ekspert fikrini dünyanın ən iri hasilatçıları Səudiyyə və Rusiyada neft hasilatının maksimum səviyyəyə yüksəlməsi ilə izah edir: “Səudiyyə Ərəbistanın gündəlik neft hasilatı 2016-cı ilin I rübündə 10,3 milyon barrel, Rusiyanınkı isə 10,8 milyon barrel olub. Buna görə də apreldə hər iki ölkədə hasilatın azalması gözlənilir”.
Doha görüşü Səudiyyə Ərəbistanı, Rusiya, Venesuela və Qətərin təşəbbüsü ilə keçirilir. Bundan başqa, Ekvador, Əlcəzair, Nigeriya, Oman, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri kimi iri neft istehsalçıları görüşdə iştirak niyyətlərini təsdiqləyiblər. Neft hasilatçıları görüşə nikbin gedirlər. Çünki iki gün öncə Rusiya energetika naziri Aleksandr Novak ilə görüşən Səudiyyə neft naziri Əli ən-Nuaymi ölkəsinin İranın mövqeyini nəzərə almadan neft hasilatınının səviyyəsini dondura biləcəyini vurğulayıb.
İlham Şaban - Neft Araşdırmaları Mərkəzinin rəhbəri
Daha öncə isə Səuldiyyə İranın da eyni addımı atmasını şərt kimi irəli sürürdü. İran isə günlük hasilat səviyyəsini 4 milyon barrelə qədər qaldırmayana qədər hasilat səviyyəsini dondurmaycağını vurğulayırdı. Səudiyyə İranın bu bəyanatı ilə razılaşmırdı. Amma indi İrana 2017-ci ilin birinci rübünə qədər hasilatı bəhs edilən səviyyəyə qədər artırmaq üçün möhlət verməyə razılıq əldə edilib.
Azərbaycan da neft hasilatı səviyyəsini donduran ölkələrə qoşulduğunu bəyan edib. İlham Şaban bunun sırf siyasi bir bəyanat olduğunu vurğulayır: “Bizdə hazırda gündəlik hasilat 0,85 milyon barreldir və ilin sonuna 0,83 milyon barrelə düşəcək”.
Doha görüşü öncəsi bu cür nikbin xəbərlər bazara təsir göstərib və nefti qiymətinin barrel üzrə 45 dollara yaxınlaşmasına səbəb olmuşdu. İlham Şabanın sözlərinə görə, ABŞ-da neft hasilatının azalması da qiymətlərə müsbət təsir göstərmişdi: “Əgər 2014-cü ilin oktyabr ayında Birləşmiş Ştatların gündəlik neft hasilatı 9,6 milyon barrel idisə, aprel ayında ilk dəfə olaraq 9 milyon barreldən aşağı düşdü. Qazaxıstan, Meksika, Venesuela kimi ölkələrdə də neftin hasilatının azalacağı barədə məlumatlar da bazara müsbət təsir edir”.
Bu cür məlumatlar neftin qiymətinin qalxaraq ilin sonuna kimi barrel üzrə 50 dollara çatacağını ehtimal etməyə imkan verirdi. Məsələn Rusiya energetika naziri Aleksandr Novak 2017-ci ilin əvvəllərində neftin barrelinin 60-70 dollar ətrafında dəyişəcəyini vurğulayırdı.
Son bir ayda Brent neftinin qiymətinin dəyişməsi (dollar/barrel)
Amma bu perspektivə inanmayanlar da var. Məsələn, Rusiya maliyyə naziri Anton Siluanov neftin bü cür bahalaşacağına inanmadığını bildirib. O, Rusiyanın planları neftin barrelinin 40 dollara barabər olacağı ehtimalı əsasında qurduğunu vurğulayıb. Rus nazir Doha görüşlərinin hansısa müsbət nəticələrə səbəb olacağına inanmadığını bildirib.
Əslində, neftin barrelinin qiymətinin 40 dollar ətrafında dəyişməsini də müsbət təzahür kimi dəyərləndirmək olar. Bir neçə ay öncə bütün proqnozlarda bazarda neftin barrelinin qiymətinin 25 dollara qədər düşəcəyi iddia edilirdi. Amma göründüyü kimi, neftin qiyməti həmin səviyyəyə qədər düşmədi.
Buna görə də, neftin qiymətinin Doxa görüşlərindən sonra sürətlə bahalaşa biləcəyini də istisna etmək olmaz. Hər şeyi zaman göstərəcək.
Qaynar.info