"DYP və AAYDA-dan xahiş edirəm ki, Bakı-Sumqayıt yolundan Xirdalan şəhərinin şimal-şərq tərəfinə girişi təmin edən hərkət sxemində edilmiş dəyişikliyi bir daha nəzərdən keçirsinlər”.
Qaynarinfo xəbər verir ki, bu barədə nəqliyyat eksperti Ərşad Hüseynov açıqlama yayıb. Ekspert bildirib ki, adıçəkilən marşurut üzrə hərəkət sxemini əvvəlki vəziyyətə gətirmək məqsədə uyğundur, çünki pik saatlarında bu ərazidə ciddi problemlər yaranır. O, edilən dəyişikliyi uğursuz hesab edir:
"Bir neçə gün əvvəl edilən dəyişiklikdən sonra oradakı körpünün üstünə qalxaraq sola – Xırdalana dönmək ləğv edilib. İndi Xırdalana oradan getmək istəyənlər körpüyə çatmamış sağa çıxmalı, Saray qəsəbəsinə doğru xeyli məsafə (bunun 2-3 km olduğunu deyirlər) getməli, geriyə dönməli və Xırdalana doğru qayıtmalıdırlar. Beləliklə, həmin istiqamətdən Xırdalana daxil olmaq, Bakı Mühəndislik Universitetinə getmək istəyənlərin, o cümlədən həmin istiqamətdə hərəkət edən marşrut avtobuslarının yürüş məsafəsi 4-6 km artıb. Problem təkcə bu deyil. Bilirsiniz ki, hazırda 200 mindən çox insanın yaşadığı Xırdalan şəhərinə Bakı-Sumqayıt yolundan cəmi 3 giriş-çıxış var. Onlardan birində hərəkətin belə əlverişsiz vəziyyətə gətirilməsi həmin giriş-çıxışın bütün yükü Xırdalan dairəsindən və Masazır dairəsindən giriş-çıxışın üstünə atacaq. Nəticədə, onsuz da hərəkət şəraiti bərbad olan, pik saatlarda həmişə tıxanan Xırdalan və Masazır dairələri daha da ağır duruma düşəcək. Bu da öz təsirini Bakı-Sumqayıt yoluna göstərəcək. Üstəlik, Xırdalanın şimal tərəfinə getmək istəyənlər Xırdalan və Masazır dairələrindən daxil olsalar, Xırdalanın daxili küçələrini başa qədər getməli olacaqlar. Bu da onsuz da hərəkət etmək çətin olan Xırdalan küçələrini daha da keçilməz edəcək”.
Ekspert hesab edir ki, nəqliyyat axınının (xüsusən avtobus marşrutunun) yürüş məsafəsinin belə ciddi artması insanların əlavə vaxt itkisi, əlavə yanacaq xərci deməkdir:
"Belə dəyişiklikdən sonra Saray tərəfdəki geriyə dönmə yeri də əlavə yüklənəcək, orada sıxlıq və qəza şəraiti yaranacaq (həmin yerdə faktiki sürət daha yüksəkdir). Belə dəyişiklik Bakıdan Saray və Novxanı istiqamətlərinə gedənlər və o istiqamətlərdən gələnlər üçün əlverişlidir. Amma sadaladığım arqumentlər və ümumi maraq nəzərə alınanda edilmiş dəyişiklik səmərəsizdir və yeni problemlər yaradacaq”.
Bahar