Xəbər lenti

Nərimanovda siqaret mafiyasının arxasında kim durur?
Ekonomiks11:09 08.08.2014

Nərimanovda siqaret mafiyasının arxasında kim durur?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ekspert: “Nərimanov rayonunda kütləvi şəkildə aksizsiz siqaretlər satılır”

Son günlər apardığımız müşahidələr zamanı mağazaların əksəriyyətində azyaşlı uşaqlara siqaret satıldığının şahidi oluruq. Məsələnin ictimaiyyət üçün vacibliyini nəzərə alaraq, bu barədə ekspertin rəyini öyrəndik. O, da öz növbəsində məsələnin, son dərəcə, təhlükəli və qanunazidd olduğunu bildirdi.

“Tütün və tütün məmulatları haqqında qanunda göstərilir ki, siqaretlərin tək-tək, eyni zamanda, 18 yaşdan aşağı gənclərə satışı qadağandır. Lakin Azərbaycanın hər yerində siqaretin tək-tək  və azyaşlı uşaqlara satılmasının  şahidi oluruq”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Aktual.az-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, bütün bu hallar kütləvi şəkildə istehlakçı hüquqlarının pozulması deməkdir:

“Azərbaycanın  Ümumdünya Səhiyyə Təşkilatının “Tütün Əleyhinə” konvensiyasına qoşularaq, üzərinə müəyyən öhdəliklər götürməsinə baxmayaraq, çox təssüf ki, vəziyyət düzəlmir. Bu, kütləvi şəkildə istehlakçıların hüquqlarının pozulmasıdır”.

Təşkilat sədri qeyd edib ki, qanunvericiliyə əsasən, azyaşlı uşaqlara siqaret satan mağazaları, minimum, 1500 AZN cərimə gözləyir:

“İqtisadiyyat və Sənaye Nazirliyi belə halların monitorinqini aparmalıdır.  Azyaşlı uşaqlara siqaret satan mağazaları, minimum, 1500 AZN cərimə gözləyir. Mediada yayılan məlumat və xəbər əsasında nazirlik monitorinqlər aparıb cərimələr tətbiq edə bilər”.

E.Hüseynov digər vacib məqama toxunaraq, kütləvi şəkildə aksizi olmayan siqaret satışından danışaraq vurğulayıb ki, bunun arxasında hansısa dövlət məmuru dayanır:

“Azərbaycanda aksiz markası olmayan siqaretin satışı davam edir. Xüsusən, Nərimanov rayonunu qeyd edirəm. Bunun arxasında hansısa dövlət məmuru dayanır. Biz dəfələrlə bu barədə dövlət orqanlarına müraciət etmişik. Nəticəsi olmayıb. Nərimanov aksizsiz, qaçaqmalçılıq yolu ilə daxil olan siqaretin kütləvi satıldığı bir rayondur. Nədənsə, bunun arxasında dayanan dövlət məmuru bu qədər şikayətlərə baxmayaraq, utanıb bu işdən əl çəkmir”.

Sonda “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müvafiq bəndlərini diqqətinizə çatdırırıq:

Maddə 15. Tütünün və tütün məmulatının ticarəti

15.1. Azərbaycan Respublikasında keyfiyyət göstəriciləri normativ sənədlərin tələblərinə və gigiyenik normativlərə cavab verən, müvafiq sertifikatları olan tütün və tütün məmulatı ticarət dövriyyəsinə daxil edilə bilər.

15.2. Tütünün və tütün məmulatının ticarəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq topdan və pərakəndə satış formasında həyata keçirilir.

15.3. Tütünün və tütün məmulatının satışı aşağıdakı hallarda qadağan olunur:

15.3.1. məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda; 15.3.2. tütün məmulatı aksiz markası ilə markalanmadıqda;

15.3.3. tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müəyyən edilmiş yuxarı həddən çox olduqda;

15.3.4. tütün məmulatının qutusu üzərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri barədə xəbərdarlıq yazısı olmadıqda;

15.3.5. tütün məmulatının markalanması və qutularının tərtibatı müvafiq normativ sənədlərin tələblərinə uyğun aparılmadıqda;

15.3.6. 18 yaşına çatmamış şəxslərə satıldıqda;

15.3.7. avtomatlar vasitəsilə satıldıqda;

15.3.8. siqaret, papiros və siqarillalar ədədlə satıldıqda.

15.4. Zəruri hallarda tütün məmulatı satıcılarının alıcılardan onların yaşını təsdiq edən sənədi tələb etmək hüququ vardır.

15.5. Tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə uşaq və yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmir.

15.6. Tütün məmulatının ticarəti yerlərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri, 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışının qadağan edilməsi, habelə tütün məmulatından istifadənin məhdudlaşdırılmasına xidmət edən digər yazılar olmalıdır.

Qaynar.info