Xəbər lenti

Netanyahunun gəlişi nə vəd edir? - ŞƏRH
Siyasət10:37 23.11.2016

Netanyahunun gəlişi nə vəd edir? - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfərinin dəqiq tarixi məlum olub. Baş nazir Azərbaycana dekabrın 13-də gələcək. B. Netanyahu Azərbaycanda bir gün qalacaq, növbəti gün Qazaxıstana yola düşəcək. Netanyahunun gəlişi nə vəd edir?

Mövzu ilə bağlı Qaynarinfo.Az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bildirib ki, kimsə İsraildən silah alıb Qarabağ münaqişəsini həll edəcəyimizi düşünürsə, dərindən yanılır.

Zərdüşt Əlizadənin sözlərinə görə, Netanyahunun  gəlişini müsbət hadisə kimi qiymətləndirmək olar: 

"İsrailə münasibətlirimiz artan xətlə gedir. İqtisadi sahədə biz onlara neft, onlar isə bizə silah satır. Siyasi cəhətdən əməkdaşlıq edirik. İsrail erməni lobbisinin qondarma soyqırımı tanıtdırmaq cəhdlərinin qarşısını alır. Bu da bizim xeyrimizə görülən işlərdir. İsrail hakimiyyətində vaxtilə azərbaycanda yaşamış adamlar var. Onlar Azərbaycanı həmişə sevib, müdafiə ediblər. Hər baxımdan əlaqələrimiz normaldır. İsraillə dostluqla yanaşı, Azərbaycan Fələstin dövlətini də tanıyır. Bu bizim ənənəvi siyasətimizdir". 

 Politoloq qeyd edib ki, İsrail bizə heç vaxt silah satmaqdan imtina etməyib: 

"Amma kimsə İsraildən silah alıb, Qarabağ münaqişəsini həll edəcəyimizi düşünürsə, dərindən yanılır. Qarabağ münaqişəsi kompleks həlli gözləyir. Sülhün potensialından istifadə, erməni cəmiyyəti ilə işləmək və Azərbaycanın dünyadakı simasını yaxşılaşdırmalıyıq. İndi dünyada bir o qədər də nüfuzumuz yoxdur. Əgər münaqişənin həllini istəyiriksə, bir ölkə, cəmiyyət kimi dəyişməli, demokratikləşməliyik. Elə bir dövlətə çevrilək ki, dünyanın bura istəyi, arzusu olsun. Hansısa hərbi yolla və İsrailin silahından istifadə edərək münaqişəni həll edə bilmərik. Unutmayaq ki Ermənistanın güclü havadarları var. Təkcə bu, Rusiya deyil. Amerika da, Fransa da onların havadarıdır".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az