Xəbər lenti

Nəzərlər Soçidə: Azərbaycan diplomatik müstəvidə mübarizəyə başlayır (ŞƏRH)
Siyasət11:19 31.10.2022

Nəzərlər Soçidə: Azərbaycan diplomatik müstəvidə mübarizəyə başlayır (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilməlidir. Rusiya XİN-in məlumatına görə, görüşdə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, Cənubi Qafqazdakı sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcəkfəaliyyətin  nəzərdən keçirilməsi planlaşdırılır. 
Buradan belə başa düşmək olar ki, görüş indiyədək imzalanan bəyanatların, götürülən öhdəliklərin, razılaşdırılan addımların necə yerinə yetirilməsini qiymətləndirmək üçün təşkil olunub. Digər tərəfdən, görüşün 10 noyabr ərəfəsinə təsadüf etməsi fonunda da Rusiyanın proseslə bağlı hansısa bir addım ata biləcəyi istisna edilmir. 
Putin həmçinin Azərbaycan Prezidenti və Ermənistan baş naziri ilə ayrı ayrılıqda da görüşəcək. Görüş ərəfəsi Paşinyanın Qarabağda yerləşdirilən rus sülhməramlılarının müddətinin 15-20 ilədək uzadılması istiqamətində verdiyi açıqlama isə onu deməyə əsas verir ki, liderlərin təmasları zamanı bu məsələdə də qaldırılacaq. 
Praqada Avropa İttifaqının dəstəyilə əldə olunan razılıqdan əndişələnən Moskvanın da müəyyən məsələlərdə öz nəzarəti altında hansısa irəliləyişlərə nail olmağa çalışdığı hiss olunur. 
Politoloq Nəsimi Məmmədli Qaynarinfo-ya açıqlamasında deyib ki, Moskva sülhün olmasında deyil, daha çox mövcud vəziyyətin saxlanılmasında maraqlıdır:
"Azərbaycanla Ermənistan arasında sülh müzakirələri bir neçə müstəvidə davam edir. Onlardan biri də Rusiyanın vasitəçiliyilədir. Bu vasitəçilik 2020-ci ilin 9 noyabrından etibarən davam edir. 10 noyabrda imzalanan bəyanat Azərbaycanın maraqlarına uyğundur. Onun icrası başa çatarsa, Azərbaycan bölgədə öz suverenliyini təmin etmək yolunda xeyli uğurlu mövqe əldə edəcək. Təəssüf ki, həmin bəyannamənin Azərbaycana sərf edən hissələri demək olar ki, icra edilmir. Erməni silahlı tör-töküntüləri hələ də Qarabağdadır. Kommunikasiyaların açılması, məcburu köçkünlərin əraziyə qayıtması hələ öz həllini tapmayıb. Brüssel və Praqada əldə olunan razılaşmalar Kremli narahat edir. 
Rusiya çalışır ki, məsələ ya həll edilməsin, ya da onun nəzarəti altında mövcud sabit vəziyyətdə saxlanılsın. Çünki Moskva anlayır ki, sülh müqaviləsi imzalanarsa, o halda Rusiyanın Cənubi Qafqazdakı varlığı da öz mənasını itirəcək. Bu mənada Rusiya sülhə mane olmağa daha çox çalışır, nəinki sülhün yaranmasına”. 
Həmsöhbətimiz qeyd edir ki, Azərbaycan görüşdə 10 noyabr bəyannaməsində razılaşdırılan məqamların mütləq mənada icrasında israrlı olmalıdır:
"2025-ci ilə qədər yeni razılaşma yalnız sülh müqaviləsi ola bilər. Hansısa keçid müddəalar, rus sülhməramlılarının vaxtının uzadılması heç bir halda gündəmə gətirilməməlidir. Bu yöndə hər hansı bir razılaşmanın əldə ediləcəyi istisnadır”. 
Rüfət Sultan