Yaponiyada səfərdə olan ABŞ prezidenti Co Bayden Tokionun BMT Təhlükəsizlik Şurasına üzv olmaq istəklərini dəstəkləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat
yayıb.
Bundan əlavə, Bayden və Yaponiyanın baş naziri Fumio Kişida Çinin regionda güclənməsi, KXDR-də silah sınaqları və Rusiyanın Ukraynada apardığı müharibə, eləcə də Yaponiyanın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyini müzakirə ediblər.
Hazırda beş ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusuna malikdir: Rusiya, ABŞ, Çin, Böyük Britaniya və Fransa. Təhlükəsizlik Şurasına iki il müddətinə seçilən 10 qeyri-daimi üzv də daxildir. 22 sentyabr 2020-ci ildə Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi BMT Təhlükəsizlik Şurasında islahatların aparılması və Yaponiyanın daimi üzv kimi qoşulmasının lehinə çıxış edib.
BMT Təhlükəsizlik Şurasının mümkün islahatının, o cümlədən daimi üzvlərin tərkibində dəyişikliklərin müzakirəsi Rusiya Federasiyasının Ukraynada apardığı müharibə ilə əlaqədar intensivləşib. Bir sıra ölkələr, o cümlədən Ukraynanın özü Rusiyanın Təhlükəsizlik Şurasından çıxarılmasının tərəfdarıdır. Eyni zamanda, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi "Moskvanın təcrid olunmasının” daha real perspektiv olduğuna inanaraq, Rusiyanı xaric etməyin mümkünsüzlüyünü etiraf edir.
Alpər
Şərhlər