
İğtişaş hazırlamaqda ittiham olunan NİDA-çı gənclərin bu gün məhkəməsi davam etdirilib.
Gənclərin məhkəməsi keçirilən Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında gərginlik yaşanıb. Polis iki nəfəri saxlayıb. Onlardan biri AXCP üzvü, digəri isə gənc fəal Bəxtiyar Hacıyev olub. Gənc fəalın saxlanılması zamanı maraqlı anlar yaşandı. Polis Bəxtiyar Hacıyevi post patrul avtomobilinə oturdandan sonra o, avtomobildən düşüb qaçmağa cəhd edib.
Lakin o, yenidən saxlanılaraq polis bölməsinə aparılıb. Sonradan hər iki saxlanılan sərbəst buraxılıb. NİDA vətəndaş hərəkatının üzvləri, həbs olunanların yaxınları hazırda Ağır Cinayətlər Məhkəməsi binası önünə toplaşıblar. Məhkəməyə gedən yollar polis tərəfindən bağlanıb, hazırda polislər mühafizə məqsədilə məhkəmənin qarşısına cəlb ediliblər.
Məhkəmə prosesində təqsirləndirilən gənclərin vəkilləri çıxış edərək müdafiə etdikləri şəxslər barəsində bəraət hökmünün çıxırılmasını istəyiblər.
Qaynar.info