Xəbər lenti

Nikol Paşinyan sərhəd açıqlaması ilə nə demək istəyib - Politoloq
Siyasət11:42 14.06.2022

Nikol Paşinyan sərhəd açıqlaması ilə nə demək istəyib - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın Qarabağla əlaqəsi yoxdur". Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Əl-Cəzirə" televiziya kanalına müsahibəsində deyib. 
Onun sözlərinə görə, rəsmi Bakı və İrəvan arasında fərqli danışıqlar formatı var və bu formatlardan biri delimitasiya məsələsinə aiddir: "Azərbaycan-Ermənistan dialoqunun ikinci istiqaməti tərəflər arasında münasibətlərin normallaşmasıdır. Nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasını nəzərdə tutan 3-cü istiqamət də var".
Jurnalistin "Rusiya bu məsələdə daha çox Azərbaycanı dəstəkləyir" sualına Paşinyan "Rusiya Federasiyası Ermənistanın strateji partnyoru və müttəfiqidir, amma onun Azərbaycanla da çox yaxın münasibətləri var", deyə cavab verib.
Paşinyanın sözlərinə görə, Ermənistan-Azərbaycan dialoqunun ikinci istiqaməti İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması formatıdır: "Regional nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması üçün üçüncü istiqamət də var. Amma təbii ki, regionda sülhün bərqərar olması üçün ən vacib məsələ Dağlıq Qarabağ məsələsidir".
Ermənistan baş nazirinin fikirlərini Qaynarinfo-ya açıqlamasında şərh edən politoloq Elşən Mirzəoğlunun fikrincə, Paşinyan belə bəyanatı ilə manevr edir:
"Paşinyan gözəl başa düşür ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin müəyyən edilməsi ilə bağlı məsələyə aydınlıq gətirilsə və İrəvan dövlətimizin sərhədlərini rəsmən tanısa, artıq Qarabağın Azərbaycana aydiyyatı ilə bağlı məsələ tam mənada öz həllini tapır. Onsuz da Qarabağ dünya birliyi tərəfindən Azərbaycan ərazisi kimi qəbul olunur. ATƏT-in Minsk qrupunun vasitəçiliyilə aparılan danışıqlarda da bu faktor həmişə gündəmdə olub. Paşinyan Brüssel səfərindən sonra belə bir məqama toxunub ki, Qarabağ probleminin həlli məsələsində Bakıdan təminat almasa, denansifikasiya və sülh müqaviləsinin bağlanması müzakirələrinin aparılmasına da ehtiyac yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü 5 şərt müqabilində 6 şərtlə çıxış edən Paşinyan həmin şərtlərin birində Qarabağın Azərbaycan ərazisi olması faktına rəsmən deyil, yumşaq şəkildə razılıq versə də, Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsində manevr etmək istəyini özündə saxlayır. Qarabağ problemi Azərbaycan üçün öz həllini tapıb. Bu məsələ Azərbaycanın daxili işidir. O cümlədən Qarabağ ermənilərinin vətəndaş hüquqları və təhlükəsizliyi Azərbaycanın daxili işidir. İrəvan bunu birdəfəlik anlamalıdır”. 
Rüfət Sultan