Nikol Paşinyan istər jurnalist, istər siyasi fəaliyyəti zamanı açıq şəkildə göstərdi ki, Qarabağ Ermənistan üçün başağrısıdır. Sonra isə Paşinyan Qarabağ başağrısından tamamilə qurtulmağın və Türkiyəyə qucaq açmağın vaxtı çatdığını əməlləri ilə də sübut etdi.
Qaynarinfo xəbər verir ki, bu barədə erməni hərbi eksperti Hayk Nahapetyan bildirib.
Onun sözlərinə görə:
"Nikol Paşinyanın məqsədi Türkiyənin "qucağında” oturmaq deyil, hədəf Ermənistanda Rusiya silahlı qüvvələrinə ehtiyac olmadığını əsaslandırmaq və Gümrü-İrəvanda yerləşən Rusiya bazalarının timsalında 102-ci hərbi bazanın ölkədən birdəfəlik çıxarılmasıdır. Yəni, əsas məqsədi Rusiya qoşunlarının Ermənistandan və Cənubi Qafqazdan çıxarılmasıdır və bu, ABŞ və NATO-ya üzv dövlətlərin Ermənistanın əli ilə taktiki gedişidir”.
Hayk Nahapetyan hesab edir ki, Nikol Paşinyanın addımları Qarabağla əlaqələri kəsmək məqsədi daşıyır, o, Azərbaycan hakimiyyətinə əlcək atmaq üçün öz addımlarına haqq qazandıran siyasi addımlar atır:
"Azərbaycan müxtəlif beynəlxalq instansiyalarda Ermənistanın müqavilələri pozduğunu bəyan edir. Ermənistandan deputatlar və ya məsul şəxslər Qarabağa gedəndə Azərbaycanın xüsusi xidmət orqanları bundan xəbər tutur və Azərbaycan prezidenti səfərlərlə bağlı dərhal açıqlama verir. Həmin deputatlar və nazirlər Qarabağda görünmədən istənilən məsələni həll etmək olar.
Ona görə də Nikol Paşinyan nəyisə etmək istəyirsə, bunu ictimai səs-küyə səbəb olmadan və açıq şəkildə nümayiş etdirmədən, sakitcə etməlidir və çox çalışmalıdır ki, soydaşlarımız Qarabağda qalsınlar”.
Daha sonra ekspert qeyd edir:
"Ermənilər Qarabağdan çıxsa, ərazi avtomatik olaraq Azərbaycana keçəcək. Maraqlıdır Ermənistanın indiki hakimiyyəti Qarabağda mühacirətin və immiqrasiyanın dayandırılmasına nə qədər töhfə verir. Bu arada, Ermənistan Parlamentinin müxalifət deputatlarının fikrincə, Qarabağla bağlı bir çox problemlər var, o cümlədən elektrik enerjisi, elektrik stansiyaları, su təchizatı ilə bağlı problemlər var ki, bunun da nəticəsində Qarabağda gec-tez insanlar öz ailələri üçün minimum şəraiti təmin edə bilməyəcək və Qarabağı məcburən tərk edəcəklər.
Başqa sözlə, Azərbaycanın istədiyi də elə budur. Ermənistan hakimiyyətinin addımları Azərbaycan hakimiyyətinin addımları ilə eynidir. Qarabağ probleminin həll yolunu Azərbaycan və Nikol Paşinyan administrasiyası ermənilərin Qarabağdan getməsində görürlər. Niyə Rusiya Qarabağa yüzlərlə ton tikinti materialı aparır, niyə insanların güzəranı üçün lazım olan texnika, digər lazım olan əşyalar və dəstək edilir Qarabağ ermənilərinə? Çünki Rusiya bilir ki, həmin ərazidə erməni yaşamırsa, sülhməramlıların orada qalmasının mənası yoxdur, ona görə də Ermənistanın funksiyasını öz üzərinə götürüb”.
ER baş naziri Nikol Paşinyanın mətbuat konfransı zamanı müharibədən sonra orduda hansı silah-sursatların alınması ilə bağlı suala cavab verməməsi məsələsinə toxunan Hayk Nahapetyan deyib:
"Baş nazir Nikol Paşinyan suala cavab verməməklə düzgün addım atıb, çünki ER Silahlı Qüvvələrinin, xüsusən də ordunun silah-sursat alması qapalı məlumat olduğundan, burada məxfilik faktorunu nəzərə almalıyıq.
O, haqlıdır ki, bu haqda danışmır, amma unudur ki, müxalifətçi olanda boğula-boğula və ağzı köpüklənə-köpüklənə ordu haqqında məxfilik elementləri olan sözlər deyirdi, indi isə o anlamalıdır ki, zamanında o da bu barədə danışmamalı idi”.
Telman Qasımov