"Cəbrayılın sürətli yüksəlişinin əsas səbəblərindən biri ərazidə yeni infrastrukturun və ziyarət imkanlarının formalaşmasıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli azad edilmiş ərazilərdə turizm göstəricilərindən danışarkən deyib.
Onun sözlərinə görə, xüsusilə Xudafərin körpüsü kimi tarixi-mədəni məkanların mövcudluğu Cəbrayılın turizm potensialını artırır:
"Cəbrayıl həm də İran sərhədinə yaxın yerləşdiyindən gələcəkdə regional turizm marşrutları üzərində mühüm dayanacağa çevrilə bilər. Burada bir məqamı nəzərə almaq lazımdır: Cəbrayılın birinci olması heç də turist sayının Şuşadan çox olması demək deyil. Söhbət turizm gəlirlərinin artım tempindən gedir və burada əvvəlki ilin çox aşağı müqayisə bazası da böyük rol oynaya bilər".
Ekspert Şuşanın üstünlüyünün isə daha çox formalaşmış turizm brendi ilə bağlı olduğunu bildirib:
"Şuşa artıq Azərbaycanın əsas mədəni və tarixi turizm məkanlarından biridir. Xankəndidə də müəyyən potensial var. Lakin turizm infrastrukturu və turistlər üçün təkliflərin çeşidliliyi baxımından Cəbrayılın bəzi üstünlükləri ortaya çıxa bilər. Ona görə Cəbrayılın 320 faizlik artımını "Şuşanı turist baxımından geridə qoydu” kimi qiymətləndirmək düzgün olmaz. Burada daha çox yeni turizm məkanının sürətlə inkişaf etməsi və aşağı müqayisə bazasının təsiri var".
Akif Nəsirli vurğulayıb ki, bu göstərici azad edilmiş ərazilərdə turizmin yalnız Şuşa ilə məhdudlaşmadığını göstərir. Onun sözlərinə görə, Cəbrayıl gələcəkdə Qarabağın əsas turizm istiqamətlərindən birinə çevrilə bilər.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin məlumatına görə, 2026-cı ilin ilk rübündə Azərbaycanın bir sıra rayonlarında turizm göstəricilərində yüksək artım qeydə alınıb. Ən yüksək dinamika azad edilmiş ərazilərdə müşahidə olunub. Turizm gəlirlərinin artım tempinə görə Cəbrayıl ilk sırada qərarlaşıb. Rayonda gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 320 faiz artaraq 226,7 min manatdan 952,7 min manata yüksəlib.
Bahar Rüstəmli
Şərhlər