"Vaşinqton görüşündə problemlərin həll olunacağını düşünmürəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov gələn həftə Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında olması gözlənilən görüşü şərh edərkən deyib.
"Vəziyyət mürəkkəbdir. Bir neçə açıq qalan mövzular var. Mövzulardan biri Ermənistan Azərbaycan sərhədinin gələcəkdə haradan keçəcəyilə bağlıdır. Burada prinsipial olaraq hansı xətt əsas götürüləcək? İrəvan sərhədlərin 1975-ci il xəritəsinə əsasən müəyyənləşməsini təklif edib. Azərbaycan isə istisna olunmur ki, sərhədlərin sovetlər tərəfindən işğal dövrü xəritəsinə əsasən müəyyənləşməsində israr edəcək.
Hələlik bu məsələdə Azərbaycanın rəsmi mövqeyi açıqlanmır. Amma ictimai mövqe ondan ibarətdir ki, İrəvan özbaşına 1991-ci il xəritəsini qəbul etməyibsə, deməli, həmin il əsas götürülə bilməz. Paşinyan bəyan edir ki, Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə olan halda, separatçılar və onların qanunsuz hərbi dəstələri nədən hələ də Ermənistanın büdcəsindən qidalanmaqda davam edirlər? XİN rəhbərlərinin Vaşinqton görüşündə bu problemlər müzakirə olunacaq. Buna baxmayaraq, hələlik həmin istiqamətdə məsələlərin həll olunacağını gözləmirəm”, deyə Tofiq Zülfüqarov vurğulayıb.
Qeyd edək ki, baş naziri Nikol Paşinyan gələn həftə Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşəcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərində İrəvanın mövqeyi dəyişməz olaraq qalır - sülhün əldə olunması və sülh müqaviləsinin imzalanması üçün bütün səylər göstərilməlidir. Xatırladaq ki, iki ölkənin XİN rəhbərlərinin Vaşinqtonda ilk görüşü 1-4 may arasında keçirilib. Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında Vaşinqtonda olacaq müzakirələrin növbəti raundu isə iyunun 12-də baş tutmalı idi. Lakin rəsmi Bakının xahişi ilə görüş təxirə salındı.
Rüfət Sultan