
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli yaxın zamanlarda vəzifəsi ilə vidalaşacaq.
Bu barədə etibarlı mənbələrdən Qaynar.info-ya daxil olan məlumatda bildirilir.
Məlumata görə bu, yaxın zamanlarda baş tutacaq. Onun yerinə kimin təyin olunacağı hələ ki, bəlli deyil.
Xatırladaq ki, N.Məhərrəmli 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib və sədr seçilib. 10 ildən artıqdır ki, bu vəzifəni icra edir.
Qaynar.info-ya açıqlamasında N.Məhərrəmli bu barədə heç bir məlumata malik olmadığını dedi: "Bu, bizim səlahiyyətimizdə olan məsələ deyil. Bu barədə heç nə deyə bilmərəm, məlumatım da yoxdur".
Qeyd edək ki, Nuşirəvan Məhərrəmli 1960-cı ildə İmişli rayonunda anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1985-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitinin tarix fakültəsinin əyani şöbəsinə köçürülub. 1988-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasının əyani şöbəsinə daxil olub, 1992-ci ildə "Azərbaycan milli məsələyə dair partiyalararası mübarizə (1917-1918-ci illər)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.
1992-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində "Qədim dünya və orta əsrlər tarixi" kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb. 1996-cı ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-Siyasi məsələlər şöbəsində böyük referent, sektor müdiri vəzifələrində çalışıb. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib və sədr seçilib. 2008-ci ildə Azərbaycanda televiziyanın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Qaynar.info