Dünya 13:14 25.01.2023

NYT: ABŞ vətəndaşından Ukrayna ordusunun komandanına 1 milyon miras qaldı

Ukrayna ordusunun komandanı general Valeri Zalujnı bu ay Ukrayna əsilli amerikalı Qreqori Stepanetsdən aldığı mirasdan Ukrayna silahlı qüvvələrinə 1 milyon dollar bağışlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” qəzeti Stepanetsin ailəsinə istinadən yazır. 

İanə faktını Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti təsdiqləyib.

"The New York Times” Valeri Zalujnı və Qreqori Stepanetsin bir-birini şəxsən tanıyıb-tanımadığını yazmır. Dignity Memorial saytına görə, Vaşinqton ştatının Redmond şəhərindən olan Qreqori Stepanets 24 oktyabr 2022-ci ildə 85 yaşında vəfat edib.

Ukraynalı generalın ianəsi ukraynalıların öz hərbçilərinə ayırdıqları maliyyə yardımı kontekstində qeyd edilir. Bütün 2022-ci il ərzində fiziki şəxslər və müəssisələr Ukrayna silahlı qüvvələrinə təqribən 500 milyon dollar ianə veriblər. "The New York Times” qeyd edir ki, bu, humanitar yardım üçün edilən ianələrin həcmini (20 milyon dollar) xeyli üstələyir.

Payızda "Suspilne” öyrənib ki, bütün ukraynalıların təxminən dörddə biri (24%) birbaşa ordunun ehtiyacları üçün pul bağışlayıb. "Come Back Alive” xeyriyyə təşkilatı Ukrayna silahlı qüvvələri üçün 132 milyon dollar, "Serhi Pritula” Fondu isə onlara 87 milyon dollar ianə edib.

Nizami Bağırov