Rusiyanın iyulun 2-nə keçən gecə Kiyevə endirdiyi kütləvi zərbələr Avropa qitəsinin təhlükəsizliyi baxımından ciddi xəbərdarlıq xarakteri daşıyır.
Qaynarinfo xəbər verir ki, bunu ABŞ-ın "The New York Times" qəzeti yazıb.
Nəşrin məqaləsində qeyd olunur ki, Avropa üçün Ukraynaya qarşı həyata keçirilən genişmiqyaslı hücumlar yalnız qonşuluqda davam edən müharibəni xatırlatmır, eyni zamanda münaqişənin gələcəkdə NATO ərazisinə yayılacağı təqdirdə qitənin nə dərəcədə həssas ola biləcəyini göstərir.
"The New York Times"ın digər materialında isə jurnalist Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələrin Moskvanın münaqişənin başa çatdırılması ilə bağlı mövqeyini dəyişməsinin ehtimalının az olduğunu bildirib və Kiyevə endirilən son hücumun bunu nümayiş etdirdiyini qeyd edib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 2-də Kiyev və Kiyev vilayətində yerləşən müdafiə-sənaye kompleksi müəssisələri, eləcə də yanacaq-energetika infrastrukturu obyektlərinə kütləvi zərbələr endirilib.
Nazirlik bildirib ki, zərbələr nəticəsində "Radioniks" radioelektronika müəssisəsi, "Atlon Avia" elmi-istehsalat şirkətinin binası, "Antonov" dövlət müəssisəsi, Kiyev Radio Zavodu, "Trimen-Ukrayna" müəssisəsi və digər obyektlər vurulub.
Kiyev meri Vitali Kliçko ötən gecəni şəhər üçün "dəhşətli" adlandıraraq, Rusiyanın hücumunun münaqişə başlayandan bəri ən genişmiqyaslı hücumlardan biri olduğunu bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat da Kiyevə edilən hücumun müharibənin əvvəlindən bəri ən böyük hücumlardan biri olduğunu qeyd edib.
Aydın
Şərhlər