Azərbaycanda qadın futbolunun durumu bəlli mövzudur. İllərdir kiçik uğuru belə olmayan qadınlardan ibarət millilərimiz daim rəqibləri qarşısında qapazaltı olub, onlardan ağır məğlubiyyətlər alıb desək, yanılmarıq. Son illərdə isə ölkədə qadın futbolunu dirçəltmək istəyirlər. Əslində, bunu AFFA özbaşına deyil, UEFA-nın tələbi ilə yerinə yetirmək məcburiyyətindədir. Belə ki, yaxın günlərdə ölkədə qadınlardan ibarət komandalar arasında çempionata start veriləcək. Bəs bu mənada vəziyyət necədir? Neçə klub olacaq? Ümumiyyətlə, Azərbaycanda qadın futbolunun son durumu necədir?
Bir çox suallar var ki, onlara mütəxəssisdən cavab almaq lazım idi. Bunün üçün qadın futbolunda çalışan məşqçilərimizdən Mehdi İbrahimovla danışdıq. Ölkə çempionatında iştirak edəcək komandalardan biri "Xırdalan Siti”nin baş məşqçisi Qaynarinfo-ya müsahibəsində bunları dedi:
- Bu yaxınlarda qadınlardan ibarət komandalar arasında ölkə çempionatına start veriləcək. Çempionatla bağlı hansı məlumatlar var?
- Bu il Premyer Liqada olduğu kimi qızların çempionatında da komandaların sayını 10-a yüksəldiblər. Keçən il 8 komanda idi. Bu il ilk dəfə olaraq "Neftçi” və "Sumqayıt” Yüksək Liqada mübarizə aparacaq. O cümlədən "Qəbələ”. Bunlar UEFA-nın klubların qarşısına qoyduğu şərtlərdəndir. Artıq 2023/2024 mövsümündən etibarən klubların nəzdində qızlardan ibarət futbol komandaları da olmalıdır. Əvvəl, səhv etmirəmsə, 10 min manat cərimə ödəyirdilər. Bu mövsümdən belə olmayacaq. Məsələlər haqda klublar daha yaxşı məlumatlıdır. Bizdə Xırdalan komandasıdır. Ola bilər növbəti mövsümdən hansısa klubun tərkibinə keçək. "Zirə” və ya "Qarabağ” ola bilər. Yəqin ki, klublar müraciət edəcəklər. "Sumqayıt” artıq bu addımı atıb. Bizim komandanın adı "Xırdalan Siti”dir. Müəyyən sponsorlar var ki, köməklik göstərəcəklərini deyiblər. Nəqliyyat və sair məsələlərlə bağlı digər ödənişləri AFFA öz üzərinə götürüb.
- Yeni qaydalar nədən ibarətdir?
- Keçən ilkinə nisbətən elə bir yenilik yoxdur. Sadəcə, komandaların sayı artıb.
- Sponsorların qız komandalarına marağı varmı?
- Əslində, hazırkı sponsorların elə də maraqları yoxdur. Sadəcə, sosial layihə kimi dəstək verirlər. Çünki qazancları da yoxdur.
- Klubların nəzdindəki qız komandalarının durumu haqqında hansı məlumatlarınız var?
- "Neftçi” keçən il U-17 liqasında iştirak edib, qalib olub. Bu il həmin komanda ilə Yüksək Liqada iştirak edəcəklər. Gənclərdən qurulmuş heyətdir. "Sumqayıt” əvvəllər də futbol oynamış qızları yığıb. Onlar daha təcrübəlidirlər. Şəki klubu "Marxal” pis deyil. Bizim komandada U-19-un beş üzvü var. Hazırda Xorvatiyada keçirilən Avropa çempionatında iştirak edirlər. Digərləri haqda tam məlumatlı deyiləm. Elm və Təhsil Nazirliyinin balansında olan 8 nömrəli idman məktəbi var. Ötən il qalib olublar. Bu il də iddialıdırlar. Onların bəzi futbolçuları əsas millinin heyətindədir.
- Çempionat neçə yaş qrupu üzrə keçiriləcək?
- U-12, U-17 və Qızlar Premyer Liqası olacaq. Premyer Liqadakı iştirakçıların üçü, "Neftçi”, "Sumqayıt” və "Qəbələ”ni təmsil edir. Yanvar ayından etibarən isə digər klubların da nəzdində qızlardan ibarət komandaların olması mütləq tələbdir. AFFA-nın rəsmi saytında da qadın futbolunun inkişafı, lisenziya ilə bağlı məlumat yerləşdirilmişdi.
- Yaş və legionerlərlə bağlı limitlər var?
- Yüksək liqada yaş limiti ilə bağlı problem yoxdur. Legionerlərdən isə istifadəyə icazə verilmir. Tamamilə qadağan olunub. Bu qadağa Qızlar Premyer Liqasında iştirak edəcək komandalara da aiddir. Yəqin ki, növbəti mövsümdən bununla bağlı məsələ təsdiqlənər və qaliblər qızlardan ibarət komandalar arasında keçirilən Çempionlar Liqasına vəsiqə qazanar.
- Mütəxəssis kimi Azərbaycanda qadın fubolunun durumu haqqında düşüncələriniz necədir?
- Fikrimcə, keçən illərə baxanda bu dəfə daha maraqlıdır. Stadionlarla bağlı AFFA tərəfindən dəstək göstərilir. İlk oyunumuzu Bayıldakı stadionda keçirdik. Digər görüşlərimiz "Dalğa Arena”, "ASK Arena”da olur. Yüksək Liqa oyunlarını yaxşı səviyyədə keçirməyə çalışırlar. Nəqliyyatla, qida ilə bağlı problem olmur. AFFA hamısını qarşılayır. Klubların nəzdində olmayan komandalara AFFA dəstək vermək məcburiyyətindədir. Yəqin ki, bu il sonuncu dəfə dəstəklərini göstərəcəklər. Valideynlər qız uşaqlarını futbola gətirirlər. Maraq həddindən çoxdur. İnstaqram səhifələrimiz vasitəsilə müraciət edənlər olur.
- Qız futbolunda yetərincə mütəxəssilərimiz var?
- U-15 millisi var. O yaş qrupu Avropa çempionatında iştirak edə bilmir. Baş məşqçi Xanlar Əliyevdir. Əsas millinin baş məşqçisi Siyasət Əsgərovdur. Dünya çempionatının seçmə mərhələsində son oyunları qələbə ilə başa vurdular. U-19-un Xorvatiyada keçirilən Avropa çempionatında çıxışı istənilən kimi olmadı. Xorvatiya millisinə 0:1 hesabı ilə uduzdular. Amma yaxşı çıxış etdilər.
- Mentalitetin, cəmiyyətin problem yaratdığı bir dövrdə, qadın futbolunu necə inkişaf etdirmək olar?
- Bəzən problemlər olur. Əvvəllər çox problem olurdu. Valideynlər qızlarını məşqlərə gətirsələr də, oyunlara aparmağa tərəddüd edirdilər. Hazırda belə problem yoxdur. Həm valideynlər, həm uşaqlar özləri bunda çox maraqlıdırlar. Çempionatın başlamasını səbirsizliklə gözləyirlər. Bu həftə həm U-12, U-17, həm də Yüksək Liqanın oyunları başlayacaq. Xüsusən də U-12 Liqasında oynayanlar çox həvəslidir.
- Oğlan futbolu haqqında danışarkən mütəxəssislərimiz ölkədə kifayət qədər potensiallı uşaqlar olduğunu deyirlər. Bəs qız futbolunda bu mənada durum necədir?
- Çox potensiallı oyunçular var. İzləyirəm, məsələn, A millimizin yaşı çox gəncdir. Gələcək vəd edirlər. Bu işin içində olduğum üçün bilirəm. İnanıram ki, əsas millimiz növbəti tsikllərdə yaxşı çıxış edəcək. Hazırda U-15-in heyətində iki qız var - Ayşən və Xanım. Ayşən "Neftçi”də, Xanım isə "Təhsil”in heyətində çıxış edir. Həqiqətən Avropada oynayacaq səviyyədə qızlardır. Hər ikisini U-19 millimizin Türkiyədəki təlim-məşq toplanışına aparmışdılar. Əslində, ölkədə qız futbolçular kəmiyyətcə çoxdur, amma keyfiyyət bir qədər aşağı səviyyədədir. Az da olsa keyfiyyətli futbolçular var.
- Ölkəmizdə 10-12 il əvvəl də qadın futbolu, yəni, kiçik də olsa ənənə vardı. Bəs niyə indi durum çox bərbaddır?
- Son 10 il ərzində qadın futbolu olmadı. Sonradan yenidən bərpa edildi və toparlanmaq çox çətin oldu. Məşqçilər gətirildi, komanda heyəti quruldu. Çempionat olmadı. Hazırda A millimizin bütün üzvləri Türkiyədə, Qazaxıstanda, Rusiyada legioner həyatı yaşayır. Yaxşı komandalarda, çempionluq uğrunda oynayırlar.
- Millilərimizin uğursuzluğunun səbəbi nədir?
- Təcrübəsizlikdir, uzun müddət qadın futbolu olmadı, sonra yenidən bərpa edildi…
- Amma legionerlərimiz var…
- Legionerlərimizin sayı artıq azdır. A millidə belə azdır, əvvəldən gətirilən qızlar oynayır. 3-4 nəfər türkdür. Hücumçumuz gürcüstanlıdır. Aşağı yaş qruplarında oynayan qızlar inkişaf etdikcə, yəqin ki, əsas millidə oynayacaqlar. U-17-də demək olar legioner yoxdur. Böyük yaş qrupunda legioner qızlar var. Təbii ki, qadın futbolu yenidən bərpa edildiyindən bu qədər yerli qızı bir araya gətirmək çox çətin olardı.
- Xüsusən də aşağı yaşlılardan ibarət komandalarda qızlara nəzarət necədir?
- Yüksək Liqada olan komandamızdakı qızların məşqçilik kurslarında oxumaları üçün sənədlərini vermişik. Aşağı yaş qrupunda məşqçilərə kömək edirlər. Demək olar, hər komandada qız məşqçilər var. Həm AFFA, həm milli komandaların məşqçiləri tərəfindən nəzarət olunur. Onlar gəlib məşqlərə baxırlar. Komandaları lazım olan inventarla təmin edirlər. Həm Bakı, həm də rayon təmsilçilərinə dəstək olurlar.
- Bəs gənclərin yollarını "azmamaları” üçün xüsusi nəzarət var?
- AFFA mütəmadi olaraq seminarlar keçirir. Qızları təşkil olunan seminarlara aparırıq. UNİCEF-in də tədbirləri olur. Məşqçilər tərəfindən komanda daxilində qızlarla söhbətlər aparılır. Xüsusən də U-12 liqasında olan qızlarla seminarlar keçirilir. Uşaqlıqdan bununla bağlı tədbirlər görülür, qarşısının alınmasına çalışırlar.
- Ölkədə qadın məşqçilərin yetişməsi ilə bağlı problemlər də mövcuddur…
- Nərgiz Hüseynova U-17 millisinin baş məşqçisidir. Çox savadlı məşqçidir, işləri ilə tanışam. Digər məşqçilər də UEFA tərəfindən təşkil olunan məşqçilik kurslarında oxuyurlar, biliklərə yiyələnirlər. İstər kişi, istər qadın məşqçi olsun, özünü inkişaf etdirməlidir. Yəni aralarında fərq yoxdur. Çünki hamısı eyni kateqoriya üzrə oxuyurlar. Bundan əlavə, "Qəbələ”nin baş məşqçisi var - Dilarə müəllimə. Uzun müddətdir qadın futbolundadır. B lisenziyalı məşqçidir. Həmçinin yüksək liqada çıxış edən "Gömrükçü”nün baş məşqçisi İradə müəllimədir. A millidə köməkçilərdən Süsən xanımın adını çəkə bilərəm. Yəni yetərincə məşqçi var. Böyük qızlardan bəziləri məşqçilik kurslarında oxumaq üçün sənədlərini təqdim ediblər. Yəqin ki, gələcəkdə oxuyacaqlar. Əsas millinin əksər üzvləri çoxdan, 17-18 yaşlarında olarkən məşqçilik kateqoriyasına yiyələniblər. Həm də millinin üzvləri avtomatik olaraq C lisenziyasına yiyələnir. Yəqin ki, futbolçu karyeralarını bitirdikdən sonra məşqçi kimi davam edəcəklər. Əksəriyyətinin 26-27 yaşı var. Qarşıdakı illərdə bir neçə seçmə mərhələdə oynaya bilərlər.
- Qarşıda hansısa beynəlxalq yarışlar gözlənilir?
- 17 yaşlılarımız bu ayın 20-dən sonra Avropa çempionatının seçmə mərhələsində iştirak etmək üçün Latviyaya yollanacaq. Əsas milli ilə bağlı məlumatım yoxdur. Yəqin ki, onların da püşkatması olacaq.
Səbuhi Həsənov