Ekonomiks 15:13 19.05.2023

Özəl sektor Konstitusiya Məhkəməsinin işçinin maaşı ilə bağlı qərarına əməl edəcəkmi?

"Bütövlükdə bu sahədə işçilərin hüquqlarının qorunması üçün daha məqsədəuyğun vahid əmək haqları müqavilələrinin hazırlanması, tərtib olunması və ona uyğun olaraq həm özəl, həm dövlət sektorunda çalışanların həmin əməkhaqqı müqaviləsi ilə işə götürülməsini təmin etməkdən ibarət ola bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Konstitusiya Məhkəməsinin işçiyə fərdi əmək mübahisəsi zamanı əməkhaqqının gecikməsinə görə ödəniş edilməsi ilə bağlı qərarından danışarkən deyib. Deputat bildirib ki, həmin əmək haqqı müqavilələrində işçinin öhdəliyi ilə yanaşı, həm də işəgötürənin əmək haqqının ödəməməsi ilə bağlı öhdəliklərin müəyyənləşməsinə və gecikdirilmiş hər günə görə bir faizinin hesablanmasının əmək müqaviləsinə daxil edilməsinə ehtiyac var:

"Bu halda həm işəgötürənin öhdəliyi bu konteksdən rəsmiləşir və işəgötürən əmək müqaviləsində həmin öhdəliyi götürməklə belə hallar baş verdiyi təqdirdə işçiyə əlavə vəsaitin ödənilməsini təmin edir. Eyni zamanda bu, həm də münasibətlərin əmək müqaviləsi və daha leqal, sivil formada tənzimlənməsinə imkan yaradır”. 

 

Vüqar Bayramov deyir ki, bu sahəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və xüsusən də əmək müfəttişliyi tərəfindən nəzarət edilir:

"Əmək müfəttişliyi tərəfindən mütamadi monitorinqlərin həyata keçirilməsi və bu öhdəliyin necə yerinə yetirilməsinin monitorinq edilməsi də vacibdir. Çünki nəticədə öhdəliyin götürülməsi ilə yanaşı, öhdəliyə əməl edilməsinə də nəzarətin gücləndirilməsinə ehtiyac var. Düşünürəm, bu istiqamətdə həm müqavilələrin yenilənməsi, yeni vahid müqavilənin tərtib edilməsi, bütün dövlət, özəl sektorda buna əməl edilməsi və eyni zamanda monitorinqlərin genişlənməsinə ehtiyac var”. 

Deputat hesab edir ki, əmək bazarında işçilərin hüquqlarının qorunması olduqca vacibdir:

"Bu, yalnız özünü əmək müqavilənin rəsmiləşdirilməsində deyil, eyni zamanda işəgötürənin öz öhdəliklərinin yerinə yetilməsində də göstərməlidir. Düşürüəm ki, bu mexanizmin tətbiq edilməsi bütövlükdə bu sahədəki vəziyyətin təkmilləşdirilməsinə, eyni zamanda işəgötürənin öhdəlikləri ilə bağlı nəzarətin gücləndirilməsinə gətirib çıxarda bilər”.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi işçiyə fərdi əmək mübahisəsi zamanı belə əməkhaqqının gecikməsinə görə ödəniş edilməsi halı ilə bağlı qərar qəbul edib.

Bahar Rüstəmli