Siyasət 21:45 10.06.2022

Özünü Pyotra bənzədən Putin sonsuza qədər müharibə mesajı verdi - Politoloq

Rusiya prezidenti Vladimir Putin artıq daha açıq şəkildə özünün və ölkəsinin  imperalist siyasətinə haqq qazandırmağa başlayır. Bu günlərdə Rusiya imperiyasının əsasını qoyan çar I Pyotrun anadan olmasının 350-ci ilində çıxışı zamanı Putin hazırkı hadisələri o dövr ilə müqayisə edib: ”Bir növ özümüzü müdafiə etməli olduğumuz, bunun üçün mübarizə aparmalı olduğumuz aydın bir şeydir. İndi biz I Pyotrun 350 illiyinə həsr olunmuş sərgidə idik. Demək olar ki, heç nə dəyişməyib. Qəribədir! Necəsə belə bir anlayışa gəlirsən. I Pyotr Şimal müharibəsində 21 il vuruşdu. Adama elə gələ bilər ki,  İsveçlə müharibə aparırdı, nəyisə ayırırdı. ... Heç nəyi ayırmırdı! O, qaytarırdı! Bəli, bu, belədir!  Sankt-Peterburqun qurulduğu yerdə  - o, yeni paytaxtın təməlini qoydu. Avropa ölkələrinin heç biri bu ərazini Rusiya kimi tanımadı, hamı onu İsveç kimi tanıyırdı. Orada əsirlər boyu fin-uqor xalqları ilə yanaşı, slavyanlar da yaşayırdı və ərazi Rusiya dövlətinin nəzarəti altında idi. Qərb istiqamətində də eynisi olub. Bu, Narvaya aiddir - onun ilk yürüşləri. Niyə oraya getdi axı? Qaytarırdı. Gücləndirirdi. Bax bunları edirdi.  Belə görünür ki, qaytarmaq və və gücləndirmək bizim də payımıza düşdü".
 
Qaynarinfo-ya açıqlamasında məsələyə toxunan politoloq Natiq Miri düşünür ki, həmin fikirləri gündəmə gətirməklə Putin rus xalqını özünün imperalist ideologiyası ətrafında birləşdirməyə çalışır: "Dolayısı ilə bu fikirləri səsləndirməklə, özünü I Pyotrla müqayisə etməklə Putin demək istəyib ki, rus xalqı sona qədər mübarizə apararsa, yenə də qalib gələ bilər. Eyni zamanda, həmin fikirləri gündəmə atmaqla Putin bu ideologiya ətrafında rus xalqını birləşdirmək istəyir. Söhbət ondan gedir ki, Kreml müstəmləkə ölkələrinin yaşamaq haqqını tanımır. Moskva heç bir ölkə ilə bərabər hüquqlu münasibətlər sistemi qurmaq istəmir. Bu cür siyasət istər-istəməz digər ölkələrin Rusiyadan uzaqlaşmasına gətirib çıxarır”.

Politoloq qeyd edir ki, Putin belə açıqlama ilə Ukraynanın işğal oluna biləcəyini və dünyanın bunu tanıyıb-tanımamasının o qədər də önəmli olmadığını vurğulayır: "Putin mesaj verir ki, zamanı gələndə həmin dövlətlər işğal faktını qəbul etmək zorunda qalacaqlar. Bu absurd, xəstə təfəkkürlü fikirlər Rusiyanı ağır vəziyyətdən xilas edə bilməyəcək. Rus toplumu, nə də rus ordusu belə böyük ideyaları həyata keçirtmək gücündə deyil. Cəbhədə olanlar, Rusiyaya qarşı koalisiya göz qabağındadır. Moskva bu gücə qarşı dura bilməyəcək. İndi XVIII əsrin əvvəli deyil.  Belə müqayisə absurd olduğu qədər də gülüncdür və rus ictimai fikrini aldatmağa hesablanıb”. 

Rüfət Sultan