"Özünüməşğulluq proqramının əsas məqsədi aztəminatlı və işsiz şəxslərin davamlı gəlir əldə etməsinə şərait yaratmaqdır. Bunun üçün yalnız mal-qara və ya digər avadanlığın təqdim edilməsi kifayət deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.
Ekspert bildirib ki, beynəlxalq təcrübə göstərir ki, bu cür proqramlar yalnız aktivlərin təqdim edilməsi ilə deyil, eyni zamanda təlim, məsləhət xidməti və sonrakı müşayiət mexanizmləri ilə birlikdə həyata keçirildikdə daha uğurlu nəticə verir. Onun sözlərinə görə, vətəndaş narazılığının qarşısını almaq üçün ilk növbədə satınalma və paylanma prosesində şəffaflıq təmin edilməlidir:
"Alınan heyvanların cinsi, yaşı, sağlamlıq vəziyyəti, baytarlıq sənədləri və bazar qiymətləri barədə məlumatlar açıq olmalıdır. Heyvanlar təhvil verilərkən müstəqil baytar həkimin iştirakı təmin edilməli, foto və video qeydlər aparılmalı, vətəndaşa isə mal-qaranı qəbul etməzdən əvvəl yoxlama imkanı yaradılmalıdır. Bununla yanaşı, proqram iştirakçılarına yalnız aktiv təqdim edilməməli, onlara heyvanların saxlanılması, yemlənməsi, xəstəliklərdən qorunması və məhsuldarlığın artırılması ilə bağlı praktiki təlimlər də keçirilməlidir. Bir çox ölkələrdə fermerlərə ilk bir-iki il ərzində mütəmadi məsləhət xidməti göstərilir ki, bu da layihələrin uğur faizini artırır".
Akif Nəsirli hesab edir ki, proqram çərçivəsində şikayət mexanizmi də daha effektiv işləməlidir:
"Vətəndaş təqdim olunan heyvanın keyfiyyətsiz və ya xəstə olduğunu düşünürsə, müraciət operativ araşdırılmalıdır. İddia təsdiqlənərsə, heyvan dəyişdirilməli və ya dəymiş zərər kompensasiya edilməlidir. Eyni zamanda, təchizatçı şirkətlərin məsuliyyəti müqavilələrdə daha sərt müəyyənləşdirilməli, keyfiyyət tələblərini pozan şirkətlər növbəti satınalmalardan kənarlaşdırılmalıdır".
Ekspert əlavə edib ki, Beynəlxalq Əmək Təşkilatı və Dünya Bankının dəstəklədiyi özünüməşğulluq layihələrində aktivlər təqdim edildikdən sonra iştirakçıların fəaliyyəti müəyyən müddət izlənilir, gəlirləri qiymətləndirilir və zərurət yarandıqda əlavə dəstək göstərilir:
"Bu yanaşma dövlət vəsaitindən daha səmərəli istifadə olunmasına və proqramın davamlı nəticələr verməsinə imkan yaradır. Özünüməşğulluq proqramının effektivliyi yalnız ayrılan vəsaitin həcmi ilə deyil, satınalma prosesinin şəffaflığı, təqdim olunan aktivlərin keyfiyyəti, iştirakçıların hazırlıq səviyyəsi və sonrakı monitorinq mexanizmlərinin necə qurulması ilə müəyyən olunur".
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı çərçivəsində "Agro Best" şirkəti ilə 66 milyon 150 min manat dəyərində müqavilə bağlayıb.
Bahar Rüstəmli
Şərhlər