Dünya 15:16 25.01.2024

Şolts Kiyev və Moskva arasında danışıqlara ümid bağlamamağa çağırdı

Almaniya kansleri Olaf Şols müharibənin yalnız Ukrayna və Rusiya arasında danışıqların olmaması səbəbindən davam etməsi fikrinə qarşı çıxıb. Alman siyasətçinin fikrincə, iki ölkə arasındakı düşmənçiliyin sadə həllini gözləməyə dəyməz.

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniya kansleri mətbuat konfransında danışıb.

Kansler Şols əmin edib ki, Ukrayna ilə Rusiya arasında müharibənin yalnız Moskva ilə Kiyev arasında danışıqların olmaması səbəbindən davam etdiyini güman etmək olmaz.

"Əlbəttə, 2022-ci il fevralın 24-ü ərəfəsində kifayət qədər müzakirələr oldu, təkcə Minsk və Normandiya formatlarında 200-dən çox görüş keçirildi. Nəticəni hamımız bilirik: Rusiyanın bütün Ukraynaya qəddar və qanunsuz hücumu”, - Şols bildirib. 

Onun sözlərinə görə, heç bir ölkə Ukraynadan çox sülhə can atmır. Bununla belə, alman siyasətçinin qeyd etdiyi kimi, iki illik müharibədən sonra heç bir sadə həllin olmadığını etiraf etmək lazımdır.

"Hər halda, Putin bu müharibəyə hər an son qoya bilər", - Şols vurğulayıb.

O qeyd edib ki, Ukrayna özünü müdafiə etməyi dayandırsa, mövcudluğunu itirəcək.

"Ona görə də bizim Rusiyaya ümumi siqnalımız bu olmalıdır: biz lazım olduğu qədər öz mövcudluğunu və suverenliyini qoruyub saxlamaq üçün mübarizə aparan Ukraynanı dəstəkləyəcəyik”, - Almaniya kansleri bildirib.

Almaniya hökumətinin başçısı vurğulayıb ki, Ukraynanın Avropanın qəti dəstəyi siqnalına ehtiyacı var.

Nizami Bağırov