Xəbər lenti

Şoltsun tənqidindən sonra Fransa Ukraynaya onlarla raket və yüzlərlə bomba verəcək
Dünya 11:57 17.01.2024

Şoltsun tənqidindən sonra Fransa Ukraynaya onlarla raket və yüzlərlə bomba verəcək

Fransa Ukrayna Silahlı Qüvvələrinə 40-a yaxın uzaqmənzilli SCALP raketi, bir neçə yüz bomba, həmçinin "Sezar” özüyeriyən artilleriya qurğularını tədarük etməyə hazırlaşır.

Qaynarinfo "Le Monde”a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Emmanuel Makron bildirib.

Həmçinin, Makronun sözlərinə görə, Paris Kiyevlə təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli saziş üzərində işləyir və bu saziş bir neçə həftə ərzində imzalana bilər. "Mən özüm fevralda Ukraynaya gedəcəm. Mən bu mətnlərin yekunlaşdığını elan edəcəyəm. Haqqında danışdığım sursatların tədarükü başlayacaq”, - deyə Fransa prezidenti bildirib.

"Le Monde”un qeyd etdiyi kimi, Makronun bəyanatı Fransanın Ukraynaya hərbi dəstək baxımından geri qalmadığını göstərmək məqsədi daşıyır. Bir gün əvvəl Brüsseldəki bir neçə diplomat Financial Times-a bildirib ki, Avropa Xarici Fəaliyyət Xidməti, Aİ-nin diplomatik ofisi, ittifaq ölkələrinin nə qədər silah vəd etdiyini və nəticədə Kiyevə nə qədər silah çatdırdığını müəyyən etmək üçün yoxlamaya başlayıb.

Xidmət fevralın 1-də keçiriləcək sammitdə təhlilin nəticələrini Aİ liderlərinə təqdim etməyi planlaşdırır. Bu tədbirdə 2027-ci ilə qədər Ukraynaya 50 milyard avro maliyyə yardımının ayrılması məsələsi də yenidən müzakirə olunacaq.

Auditin aparılması qərarı Almaniya kansleri Olaf Şoltsun keçən həftə ölkələrdən Kiyevə göndərilən hərbi tədarükləri hesablamağı və müqayisə etməyi tələb etməsindən sonra verilib.

"Hazırda Aİ-yə üzv ölkələrin əksəriyyəti tərəfindən Ukraynaya silah tədarükü çox kiçikdir”, - Almaniya kansleri bildirib.

Şoltsun sözləri Fransa və İtaliya kimi digər böyük Aİ ölkələrinə irad kimi şərh edilib. Lakin onun daha çox şəffaflığa dair ictimai çağırışı Brüsseldə bəzi dövlətlərin münaqişənin kritik nöqtəsində Kiyevi daha çox silahla təmin edə biləcəyinə inanan yüksək rütbəli rəsmilər tərəfindən özəl olaraq dəstəklənib.

Berlinin özü 2024-cü ildə yardımını iki dəfə artıracaq və Ukraynaya silah almağa 7 milyard avro yönəltmək niyyətindədir.

Britaniya da öz növbəsində 2024-2025-ci illərdə Ukraynaya hərbi yardım üçün 2,5 milyard funt sterlinq (3,2 milyard dollar) ayıracağına söz verib. London və Kiyev on il müddətinə qüvvədə olacaq təhlükəsizlik zəmanətləri haqqında saziş də imzalayıblar. Müqaviləyə maliyyə və humanitar öhdəliklər, mühüm infrastrukturun qorunması, kibertəhlükəsizlik, təbliğat və mütəşəkkil cinayətkarlıqla mübarizə daxildir.

İndiyədək Fransa Ukraynaya hərbi yardım baxımından xeyli geridə qalıb. Məsələn, Rusiyanın tammiqyaslı işğalı başlayandan Almaniya Kiyevə 17,1 milyard avro, Böyük Britaniya 6,6 milyard, İtaliya 0,69 milyard, Fransa isə cəmi 0,54 milyard avro dəyərində silah verib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->