Fevralın 25-də Respublikaçı Alternativ Hərəkatının Sumqayıt Məclisinin fəalı Rahim Şalıyevlə vəkili Yalçın İmanov Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlama məntəqəsində görüşüb. Bu barədə məlumatı Qaynarinfo.Az-a Yalçın İmanov verib.
Vəkilin sözlərinə görə, fevralın 23-də Ombusdman Aparatının nümayəndələri Rahim Şalıyevlə görüşüblər: "Rahim Şalıyev fevralın 20-də saxlanıldığı Sumqayıt Şəhər Polis İdarəsində məruz qaldığı işgəncə faktı ilə bağlı Ombusdman nümayəndələrinə ətraflı məlumat verib. Dünən isə Şalıyevin baş nahiyyəsində ciddi ağrılar olduğundan onun saxlanıldığı müvəqqəti saxlama məntəqəsinə təcili tibbi yardım əməkdaşları çağırılıb. Müayinə zamanı məlum olub ki, onun başının sol hissəsində döyülmələr zamanı deformasiya yaranıb".
Vəkil qeyd edir ki, hətta əllə toxunan zaman özü belə bu deformasiyaları açıq-aşkar hiss edib. Şalıyev görüş zamanı vəkilinə deyib ki, təcili tibbi yardım həkimləri ona effektiv yardım təklif edə bilməyiblər: "Onlar yalnız ağrı kəsici iynə vura biləcəklərini deyiblər. Şalıyev isə bunun effektiv müalicə olmadığını bildirərək, ağrı kəsici iynədən imtina edib. Hazırda Rahim Şalıyevin qulağında ciddi eşitmə problemi var, başında isə kəskin ağrılar mövcuddur. Keyfiyyətli və ixtisaslı həkim müayinəsinə ehtiyyacı var".
Vəkil son olaraq qeyd edib ki, Rahim Şalıyevin əhval-ruhiyyəsi yaxşıdır. Dostlarına və yaxınlarına salam göndərir.
Qeyd edək ki, Rahim Şalıyev fevralın 20-də həbs edilib. O, Sumqayıt Şəhər Polis İdarəsində işgəncələrə məruz qaldığını, başından zərbə aldığını deyib.
ReAL-çı gənc xırda xuliqanlıqda və polisin qanuni tələbinə tabe olmamaqda günahkar bilinərək, 30 sutka müddətində inzibati qaydada həbs edilib.
Qaynarifo.Az