Azərbaycanın Qarabağda yaşayan ermənilərin ərzaq və humanitar yardım tədarükü üçün Ağdam yolundan istifadə etməsi ilə bağlı təklifi Brüssel görüşündə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel tərəfindən də dəstəkləndi. Lakin ermənilər bu yoldan istifadədən israrla imtina edir. Onların bu addımı siyasi spekulasiyadır və rasist yanaşmanın göstəricisidir.
Məgər Azərbaycandan gətiriləcək qida məhsullarının keyfiyyəti Ermənistan ərazisindən gələn məhsulların keyfiyyətindən pisdir? Ermənilərin bununla bağlı heç bir normal arqumenti yoxdur.
Qarabağda yaşayan ermənilərə ərzaq tədarükünün Ağdam yolu ilə həyata keçirilməsi logistik baxımdan da daha sərfəlidir. Belə ki, Ağdam yolu daha qısadır və daşınma daha ucuz başa gəlir.
Ermənistanda ƏDV-si ödənilmiş mallar nə üçün humanitar yardım adı altında Azərbaycan ərazisinə gətirilməlidir və Ermənistan bundan niyə qazanmalıdır?
Deputat Aydın Mirzəzadə Bunu Qaynarinfo-ya açıqlamasında bildieib ki, Qarabağda yaşayanlar gec-tez Azərbaycan qanunlarına əməl etməlidirlər:
"Bu ərazilər Azərbaycana məxsusdur. Orada yaşayan sakinlər bilməlidirlər ki, gec-tez Azərbaycan qanunlarına əməl etməlidirlər və əgər vətəndaşlığımızı qəbul edərlərsə, onların hüquq və azadlıqları bütün Azərbaycan vətəndaşları kimi yüksək səviyyədə qorunacaq".
Deputat qeyd edib ki, Azərbaycan Qarabağ iqtisadi zonasında Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında yaşayan erməni sakinlərinin problemlərinin həlli üçün özünün imkalarını dəfələrlə təqdim edib:
"O cümlədən ərzaqla təminat, humanitar yardım məsələsində Ağdam-Xankəndi yolundan da istifadəni gündəmə gətirib. Bu, çox obyektiv, real bir təklifdir. Bu təklif dünya ictimaiyyətinin də diqqətini cəlb edib. Heç də təsadüfü deyil ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən də bu təklif dəstəklənib. Bu gün Ermənistan və Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında yaşayan erməni icması rəhbərləri bu variantdan imtina edirlər. Mənə elə gəlir ki, burada söhbət dünya ictimaiyyətində guya həmin ərazidə yaşayan erməni sakinlərinin blokadada olduğu, humanitar fəlakət yaşadığı barəsində bir təsəvvür yaratmaqdan ötrüdür. Vaxtaşırı sosial şəbəkədə yayılan videogörüntülər heç də onların pis yaşamadığını və Laçın dəhlizindən çox rahatlıqla istifadə edildiyini göstəririr. Məqsədləri dünyanı Azərbaycanın əlehinə çevirmək, özlərinin çirkin istəklərinə çatmaqdan ibarətdir”.
Ermənistanda ƏDV-si ödənilmiş malların Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan əraziyə daşınma məsələsinə gəlincə isə Aydın Mirzəzadə vurğulayıb ki, 2020-ci il noyabrın 10-da imzalanmış 3 tərəfli bəyanata əsasən Azərbaycan ərazisinin müəyyən bir hissəsi müvəqqəti olaraq Rusiya sülhməramlının nəzarətindədir altındadır:
"Orada baş verən proseslərə müvəqqəti olaraq Azərbaycan müdaxilə edə bilmir. Azərbaycan Laçında sərhəd-keçid buraxılış mənqətəsi qurmaqla özünün sərhəd bütövlüyünü təmin etdi və Azərbaycana daxil olma və çıxış artıq ölkə qanunlarına və beynəlxalq hüquq normalarına əsasən həyata keçirilir. Şübhəsiz ki, bu uzun müddət davam edə bilməz və bunu Ermənistan və həmin ərazidə yaşayan sakinlər bilməlidirlər”.
Bahar Rüstəmli