"Susmaq
həmişə qızıl demək deyil. Görüşdə danışmaq, görüşdən sonra susmaq qızıl
standartdır. Görüş zamanı sussan, hər şeyi itirə bilərsən, karyeranı, tutduğun
vəzifəni. Görüşdən sonra gördüklərini danışsan həyatını itirmək təhlükəsi ilə də
üzləşə bilərsən...”
Məşhur
tərcüməçi Viktor Suxodrev 40 ilə yaxın bir müddətdə birincilərin bir
addımlığında dayandığı vaxtlarda söylədiyi bu prinsiplə işləyib. SSRİ-nin
siyasi liderlərinin, Nikita Xruşovun, Leonid Brejnevin, Aleksey Kosıginin,
Andrey Qromıkonun, Mixail Qorbaçovun tərcüməçisi olan Suxodrev ən gərgin siyasi
danışıqlarda belə yüksək peşəkarlıq nümayiş etdirib, bəzən əsəbləri tarıma çəkilən
siyasətçilərin kobud ifadələrini tərcümə zamanı yumşaq ifadə etməyi məqsədəuyğun
sayıb, hətta özü söylədiyi kimi, bəzi hallarda "aktyorluq” etməyə də məcbur
olub:

"Siyasi
liderlərin görüşləri efirdə və fotolarda göründüyü kimi heç də mehriban şəraitdə
keçmir. Xüsusilə təkbətək görüşlər daha gərgin keçir. Amma bundan heç kimin xəbəri
olmur. Hətta heç bir razılaşma əldə olunmayanda belə, ictimaiyyətə "dövlət
başçıları təkbətək görüşdə ölkələr arasında gələcək münasibətlərin inkişafı ilə
bağlı ətraflı müzakirələr aparıblar” kimi təqdim edilir. Təkbətək görüşlərdə tərcüməçilərin
üzərinə böyük yük düşür. Tərəflərin fikirlərini çətin, yaxud da asan ifadə etməklərindən
asılı olmayaraq, tərcüməçi onu qarşı tərəfə anlaşılacaq dərəcədə çatdırmalıdır.
Ən çətin məsələ isə liderlərin zarafatlarını tərcümə etməkdir. Əgər bir dövlət
başçısı həmkarına lətifə söyləyirsə, digər dövlət başçısı gülmürsə, ən azı
üzündə təbəssüm yaranmırsa tərcüməçi günahkar sayılır. Buna görə də belə
hallarda gərək aktyorluq etməyi bacarasan, lətifəni tərcümə edərkən jestlərdən
istifadə edəsən, bəzi ifadələri söyləyərkən səsini dəyişəsən, hətta bəzən gülüş
yaratmaq üçün danışılan lətifələrə özündən əlavələr edəsən...”
2005-ci
ildə "New York Times” nəşri tərəfindən "Tərcüməçilər kralı” adını alan Viktor
Suxodrev 1932-ci ildə Litvada, Kaunas şəhərində anadan olub. Atası Baş Kəşfiyyat
İdarəsində (QRU) xidmət edib. O, xidmətinin 10 ilini ABŞ-da kəşfiyyat işinə sərf
edib. Anası SSRİ Xarici Ticarət Kommissarlığında (nazirliyində) çalışıb.
Suxodrev 8 yaşında olanda anası Londona SSRİ-nin ticarət nümayəndiliyində işə
göndərilib və gələcəyin məşhur tərcüməçisi uçaqlığnın 5 ilini Londonda keçirib.
Onlar Moskvaya müharibə bitdikdən sonra, 1945-ci ildə qayıdıblar.
Viktor
Suxodrev Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun fransız dili fakültəsində
təhsil alıb. Təhsil illərində o, ingilis dilini də mükəmməl öyrənib.
İnstitutu
bitirdikdən sonra Suxodrevi xarici dil bilgilərinə görə xüsusi xidmət
orqanlarında işə dəvət ediblər. Bununla bağlı onun atası ilə də söhbət
aparılıb. Amma atası oğlunun kəşfiyyat orqanlarında işləməsinə qəti etiraz
edib.
Viktor
Suxodrev ilk əmək fəaliyyətinə 1956-cı ildə Xarici İşlər Nazirliyinin tərcüməçilər
bürosunda başlayıb. Elə ilk iş günündə Suxodrev ilk tapşırığını alıb. Digər bir
həmkarı ilə o, tərcüməçi kimi Nikita Xruşovun Hindistanın nümayəndə heyəti ilə
qeyri-rəsmi görüşünə göndərilib. Görüş zamanı Suxodrevin həmkarı "çətinliyə”
düşəndə o, tərcümə missiyasını öz üzərinə götürüb. 40 dəqiqəlik görüşdən sonra
həm Xruşov, həm də nümayəndə heyətinin üzvləri ona minnətdarlıqlarını bildiriblər.
Xruşovun kiməsə təşəkkür etməsi nadir hal sayıldığından bu hadisə Suxodrevin
karyerasında mühüm rol oynayıb. Məhz bu görüşdən sonra Xruşov tapşırıq verib
ki, Suxodrevi başqa işlərə cəlb etməsinlər. Bununla da o, ilk iş günündən baş
katibin şəxsi tərcüməçisi olub.

Qarşıda
isə Suxodrevi dünyanın diqqət mərkəzində dayanan görüşlər gözləyib. 1959-cu ildə
o, ilk dəfə xarici ezamiyyətə yollanıb, Xruşovun ABŞ səfərində Suxodrev sovet
liderini müşayiət edib.
Viktor
Suxodrev həmin illərlə bağlı xatirələrini belə bölüşüb:
"İşlədiyim
bütün siyasi liderlər bir-birlərindən fərqləniblər. Xruşov isə tam fərqli idi.
İndi onun haqqında çox şeylər danışırlar. Amma kim nə deyir, desin, o, şəxsiyyət
idi. Düzdür, Xruşov çox da savadlı deyildi, mədəniyyəti də lazımi səviyyəyə
çatmırdı, amma o, gördüyünü deməyi bacarırdı. Ürəkli idi, fikrini ifadə etmək
üçün söz axtarmırdı, düşündüyünü deyirdi, ABŞ rəsmilərini tənqid edirdi. Bir
sözlə, Xruşov publikanı özünə cəlb etməyi bacarırdı. Sözsüz ki, Xruşovla işləmək
çətin idi. Dəfələrlə məcbur olurdun ki, onun köntöy, kobud ifadələrini
"yumşaldım” ki, qalmaqal və mübahisələr yaranmasın. O özü də bunu bilirdi və
görüşlərdən sonra deyirdi ki, tərcüməçidən çox şey asılıdır. Mənim işim onu
qane edirdi...”
1964-cü
ildə Xruşovun devrilməsindən sonra Suxodrev ölkənin bir nömrəli tərcüməçisi
postunu saxlaya bilib. Brejnev Suxodrevi vəsifəsindən uzaqlaşdırmayıb. Ümumiyyətlə,
Suxodrev özünü şanslı adam sayıb. Müəllifi olduğu "Mənim dilim, mənim dostum”
kitabında o, öz həyat uğurları haqqında yazıb:
"Hakimiyyət
dəyişirdi, amma mən öz yerimdə qalırdım. Yəqin ki, bunun əsas səbəblərindən
biri mənim susmaq bacarığım idi. Mən xarici səfərlərdə, təkbətək görüşlərdə
gördüklərimi, eşitdiklərimi heç yerdə danışmırdım. Məndən söz almaq istəyən
yüksək çinli məmurlara belə qapalı idim. İkinci bir səbəb isə tərcüməçi peşəkarlığım
idi. Bunlarla yanaşı, harada, kimlə, necə davranmağım birinciləri qane edirdi.
Mən qatı tütün alidəçisiyəm. Buna baxmayaraq, Xruşovun yanında heç vaxt siqaret
çəkmirdim. Çünki o, siqaret çəkən deyildi. Buna görə də mən də dözürdüm.
Brejnevlə isə münasibət fərqli idi. Mən hətta Kremldə onun kabinetində də
siqaret çəkirdim. Brejnev hədsiz dərəcədə çox siqaret çəkirdi. Onun üçün DTK
xüsusi siqaret qabı düzəltdirmişdilər. Həmin qab yalnız bir saatdan bir
açılırdı. Baş katib bu vaxta tab gətirməyəndə məndən siqaret istəyirdi. Həkimlər
siqareti ona tam qadağan edəndə o, başqa bir üsul tapmışdı. Bir dəfə Moskvadan
Fransaya səfərə yollananda Brejnev aeroporta qədər məni də öz maşınına dəvət
etdi. Sürücünün yanında mühafizəçi əyləşməşdi, arxada isə biz ikimiz. Şosseyə
çıxanda Brejnev maşını saxlamağı göstəriş verdi. Sürücüyə bütün şüşələri
qaldırmağı əmr etdi və sonra dedi ki, hamınız siqaretlərinizi yandırın. Təsəvvür
edin ki, mən, mühafizəçi və sürücü eyni vaxtda siqaretlərimizi yandırdıq və
tüstünü salona buraxdır. Brejnevin bu tüstüdən necə zövq aldığını sözlə ifadə
etmək çətindir. Brejnev rahat adam idi, onunla işləmək də asan idi. İşlədiyim
siyasi liderlərdən yalnız bir dəfə Brejnev mənə hədiyyə etmişdi. "Omeqa”
firmasına məxsus qzıl saatı mənə hədiyyə edəndə "Viktor, bu saat məndən sənə hədiyyə,
sağlıqla işlət, götür və heç kimə demə” demişdi...”
Viktor
Suxodrev öz işinə olduqca məsuliyyətlə yanaşıb. O, hansı görüşlərin keçiriləcəyini,
görüşlərdə təxminən hansı məsələlərin müzakirə olunacağını əvvəlcədən öyrənib.
Məsələn, əgər görüşdə nüvə silahları ilə bağlı mövzunun müzakirəsi nəzərdə
tutulubsa, o həmin sahə ilə bağlı ədəbiyyatlara müraciət edib, terminləri öyrənib.
Suxodrev
xatirələrində Aleksey Kosıgini ən çox simpatiyası olduğu siyasətçi kimi qeyd
edib:
"Kosıgin
alicənab insan idi. Rəftarı, təmkini, hətta zarafatları ilə fərqlənirdi. Andrey
Qromıko ilə aralarında soyuq münasibət hökm sürürdü. Bu da ondan irəli gəlirdi
ki, Brejnevin Kosıginə münasibəti səmimi deyildi. Kosıginin ən çox sevdiyi içki
Moldaviya konyakı idi. Bu Mikoyanı qıcıqlandırdı, o, nə qədər erməni konyakının
daha yaxşı olduğunu Kosıginə sübut etmək istədsə də, Kosıgin seçimini dəyişmirdi.
Uzun illər birbaşa tabeliyində işlədiyim Qromıko isə kifayət qədər mürəkkəb şəxsiyyət
idi. Qromıko ingilis dilini yaxşı bilirdi. Biz tərcüməçilər öz aramızda onu "tərcüməçilərin
işini kəsən” adlandırırdıq...”
1989-cu
ildə Viktor Suxodrev BMT-nin baş katibinin xüsusi köməkçisi təyin edilib,
1994-cü ildə 1-ci dərəcəli fövqəladə və səlahiyyətli səfir ranqında təqaüdə
çıxıb. Özü söylədiyi kimi, bu, hərbi xidmətlə müqayisədə general-polkovnik rütbəsinə
bərabər olub.
1999-cu
ildə Viktor Suxodrevin "Mənim dilim, mənim dostum” kitabı işıq üzü görüb. Kitab
böyük populyarlıq, milyonlarla oxucu audiroyası qazanıb. Suxodrev bu kitabı ilə
uzun illərdən sonra "susmaq qızıldır” prinsipini bir kənara qoyub, dünyanın ən
tanınmış siyasi liderləri ilə bağlı heç kimin eşitmədiyi, heç kimin bilmdiyi
maraqlı məqamları oxuculara təqdim edib.
Viktor
Suxodrev 2014-cü ildə, 81 yaşında vəfat edib, o, Moskvada, Aksininsk qəbirstanlığında
dəfn edilib.
Şərhlər