"OpenAI" şirkəti bildirir ki, onun illik təkrarlanan gəliri (ARR) – yəni abunə əsaslı modellə hər il əldə ediləcəyi proqnozlaşdırılan gəlir – 10 milyard dollara çatıb.
Qaynarinfo CNBC-yə istinadla xəbər verir ki, bu göstərici ChatGPT-nin sürətli inkişafı ilə
bağlıdır.
Bu məbləğ "OpenAI"ın istehlakçı yönümlü məhsullarından, biznes üçün nəzərdə tutulmuş ChatGPT xidmətlərindən və API satışlarından əldə edilən gəlirləri əhatə edir. Şirkətin sözçüsü qeyd edib ki, bu rəqəmə Microsoft ilə əldə edilən lisenziya gəlirləri və iri birdəfəlik müqavilələr daxil deyil.
Şirkətin gələcəyə dair proqnozları olduqca nikbindir. Belə ki, 2024-cü ildə "OpenAI"ın gəliri təxminən 5,5 milyard dollar təşkil edib, lakin xərclər və zərərlər də yüksək olub – şirkət həmin il 5 milyard dollar zərər göstərib. Buna baxmayaraq, "OpenAI"ın bazar dəyəri onun real gəlirini bir neçə dəfə üstələyir. Şirkət hədəf qoyub ki, 2029-cu ilə qədər illik gəlirini 125 milyard dollara çatdırsın.
Bu ilin əvvəlində "OpenAI" 40 milyard dollarlıq maliyyələşdirmə raundunu da bağlayıb – bu, tarixdəki ən iri maliyyələşdirmə müqavilələrindən biridir. Lakin bu vəsait şirkətə dərhal verilməyəcək, çünki şərtlərdən biri kommersiya əsaslı modelə tam keçid idi. "OpenAI"ın bu planlardan imtina etməsi bu vəsaitin aqibətini hələlik qeyri-müəyyən edir.
Mart ayının sonunda "OpenAI" bildirmişdi ki, hər həftə 500 milyon aktiv istifadəçiyə xidmət göstərir. Bu ayın əvvəlində isə şirkət ödənişli biznes istifadəçilərinin sayının üç milyona çatdığını açıqlayıb. Bu göstərici fevral ayında elan edilmiş iki milyonluq rəqəmlə müqayisədə nəzərəçarpacaq artım deməkdir.
Alpər
Şərhlər