Ekonomiks 18:20 11.08.2022

"Optimal Elektronika" məhkəməyə verildi

Azərbaycanda məişət avadanlıqları və mebel satışı bazarının əsas oyunçularından biri olan "Optimal Elektronika" MMC məhkəməyə verilib. 
 
Qaynarinfo xəbər verir ki, adıçəkilən şirkət barədə iddia qaldıran "Megamax” MMC-dir. İddia Bakı Kommerisiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır. 

İşin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələrdən ibarətdir. 

"Optimal Elektronika” MMC 27 noyabr 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 11 485 360 AZN olan şirkətin qanuni təmsilçisi Əsgərov Əhəd Tofiq oğludur.

Əhəd Əsgərov eyni zamanda "Opti Azərbaycan-Türkiyə Sənaye və Ticarət Şirkəti”nin qanuni təmsilçisi, "Optimal Finance” Bank Olmayan Kredit Təşkilatı MMC-nin rəhbəridir.

"Megamax” MMC-yə gəlincə, şirkət 18 noyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Boney Pauldur. Boney Paul həmçinin "Marvel Group” MMC-nin rəhbəridir. 

"Megamax" MMC-nin rəhbəri isə Vimal Koyithanatadır. Bir neçə il əvvəl adıçəkilən şəxslər hüquq-mühafizə orqanlarına müraciət edərək bildiriblər ki, Binəqədi rayonunda yerləşən Paul Boneyə məxsus şirkətdən 100 min, Vimal Koyithanatha məxsus şirkətdən 120 min dəyərində televizor, soyuducu, kondisioner oğurlanıb.

Hindistanlı iş adamları orada işləyən 5 kişi satıcıdan şübhələndiklərini deyib. Faktla bağlı araşdırma aparılır. 

"Marvel Group” və "Megamax” şirkətləri də məişət texnikasının topdan və pərakəndə satışı ilə məşğul olur.
 
Seyid