"Bilərəkdən hansısa qızışdırıcı açıqlamalar vermək işsizlikdən, problemlərin mahiyyətini anlamamaqdan irəli gəlir. Bu cür açıqlama verənlər özlərinin səviyyəsiz və uzaqgörən olmadıqlarını ortaya qoyur”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Rusiyanın raket və artilleriya Akademiyasının prezidentinin müavini Konstantin Sivkovun Moskvanın Ukrayna məsələsini həll edən kimi Azərbaycanla məşğul olacağı barədə sərsəm fikirlərinə münasibət bildirərkən deyib:

"Bu cür mənasız və sərsəm açıqlamalara akademiya sistemində işləyən birinin deyil, müxtəlif qurumlarda bekar, işsiz, gücsüz qalan adamların yanaşması kimi baxmaq lazımdır. Onlar hələ də xəstə təxəyyüllə yaşayan, başqalarının üzərinə hücum və işğal məsələsini adi qarşılayan bir zehniyyətə sahibdirlər. Rusiya Ukrayna məsələsinin həll olunması istiqamətində hələ bir uğurlu addım ata bilməyibsə, bundan sonrakı mərhələdə onu necə həll edəcəklərinin yolunu tapmalıdırlar. Mənasız açıqlamadır. Azərbaycan bölgədə hansısa ölkəni təhdid etmir, hansısa ölkə ilə problem yaşamır. Rusiya ilə münasibətlərimiz də normaldır. Mənasız və sərsəm danışan belələrinə sual vermək lazımdır ki, çıxış yolunu bilirsənsə, birinci elə Ukrayna məsələsini həll et. Bu baxımdan, Sivakov kimilərinin belə yanaşmaları gülüncdür. Azərbaycan öz ərazisində suverenliyini qorumağa qadir ölkədir. Ona görə də Rusiya Azərbaycanın suverenliyinə hörmətlə yanaşmalıdır. Bilərəkdən, hansısa qızışdırıcı açıqlamalar vermək problemlərin mahiyyətini anlamamaqdan irəli gəlir. Bu cür açıqlama verənlər özlərinin səviyyəsiz və uzaqgörən olmadıqlarını ortaya qoyur.
Qeyd edək ki, Rusiyanın raket və artilleriya Akademiyasının prezidentinin müavini Konstantin Sivkov əcaib bəyanatla çıxış edərək, Rusiyanın Ukraynada məsələni yaya qədər həll etdikdən sonra əl-qolunun açılacağı və bundan sonra Azərbaycanla məşğul olacağını bildirib. "Rusiya hələlik Azərbaycanla diplomatik kanalla işləyir. Azərbaycan Türkiyə və ABŞ-ın dəstəyi ilə Rusiya üçün ciddi problemlər yaradır. Rusiya bunu unutmayacaq"-deyə Sivkov hədələyici halda bildirib.
Xatırladaq ki, bundan əvvəl MQİMO-nun professoru da Bakıya raket zərbəsinin endiriləcəyi ilə hədələyib. Bundan sonra o həmin ali məktəbdən qovulub.
Rüfət Sultan