Xəbər lenti

“Çoxları elə düşünür ki, bununla kişilərin nüfuzu azalacaq...” - Mehriban Zeynalova
Ölkə13:03 22.04.2022

“Çoxları elə düşünür ki, bununla kişilərin nüfuzu azalacaq...” - Mehriban Zeynalova

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
(Yazı "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusu üzrə hazırlanıb)
Bütün dünyada olduğu kimi Azərbaycanda da qadına qarşı zorakılıq, təcavüz və şiddət davam edir. Şiddətə məruz qalan, öldürülən qadınların sayı gün-gündən artır. Bundan başqa, erkən yaşda ərə verilən qızlar üstünlük təşkil edir. Demək olar, hər gün mətbuatda yeniyetmə qızların özündən 10-15 yaş böyük kişilərə ərə verilməsi ilə bağlı məlumatlar yayılır. 
Cəmiyyətdə erkən nikahlar narahatlıq doğuran problemlərdəndir. Ən dəhşətlisi isə bu qızların böyük əksəriyyəti ailələri tərəfindən zorla ərə verilir. Erkən yaşda ərə verilən qızların hər biri zamanla natamamlıq kompleksi yaşayır, dünyaya gətirdiyi övladına istədiyi kimi tərbiyə verə bilmir, onu müasir dövrün tələblərinə uyğun böyütməkdə çətinlik çəkir. 
Maraqlıdır, bu gün cəmiyyətdə qadın-kişi münasibətləri hansı vəziyyətdədir? Ailələrdə şiddət hallarının artmasına səbəb nədir?
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Qaynarinfo-ya açıqlamasında bildirib ki, cəmiyyətdəki qadın-kişi münasibətləri gündəlik həyatımızdan aydın görünür:
"Amma tədricən hiss olunur ki, hansısa xoşagəlməyən proseslər gedir - qadınların aşağılanması, qadınların təhqir olunması, qadınlara qarşı basqı və s. Məişət zorakılığı zamanı baş verən hadisələr isə bir başqa məsələdir. Amma ümuməm qərar qəbul etmədə qadınlar, qadınların iştirakı, qadınların irəli çəkilməsi üçün siyasi iradə, şərait var, amma kifayət qədər deyil. Bərabər imkanların yaradılması yoxdur. Bu, müəyyən çağırışlarla bağlıdır. Qadınlar çox iradəli olmalıdır və yaxud hansısa məsələdə geri çəkilməməlidir. Amma dedi-qodular, xoşagəlməyən informasiyalar yayılanda daha çox qadın qınanılır. Bu baxımdan qadınlar irəli getməkdə ona görə çətinlik çəkirlər ki, bu, həm ailə münasibətlərinə öz təsirini göstərir, həm də onlar kənar təsirlərə müqavimət göstərə bilmirlər”.
Bəs, gender bərabərliyini qorumaq üçün dövlət hansı addımlar atmalıdır?
Mehriban Zeynalova hesab edir ki, əslində qanun buna tam imkan verir:
"Əslində qanun kifayət qədər imkan verir, sadəcə ayrı-ayrı dini xətlər var ki, kütləni özünə tərəf çəkməyə, qadına yönəlik şiddətə çağırış edə bilir. Və qadın daha çox əxlaq simvolu olduğuna görə bu məsələlərdə həmin komponentlərdən məharətlə istifadə edənlər var. Məsələn, qadın hansısa görüşə getməlidir, daha gec işdən çıxa, yaxud hansısa görüşlərdə ola bilər... Burda yadıma bir hadisə düşdü. Bir dəfə bələdiyyədə görüş keçirilirdi, qadınların həyat yoldaşları saatlarla qapının ağzında gözləyirdi. Burada ortaya müxtəlif səbəblər çıxır, qadın da həmin iclaslarda sona kimi rahat otura bilmir. Özünəgüvənli deyil, yaxud ona bir o qədər də güvən yoxdur. Bir tərəfdən həyat yoldaşları, qardaşlar, atalar narahatdırlar, irəli getsələr, bu cür iştirakçılıq onlar üçün xoşagəlməyən nüanslar yarada, müəyyən dedi-qudular ortaya çıxa bilər. Bu məsələdə çox vaxt qadını əngəlləyirlər. Qadınlar heç vaxt özləri müstəqil qərar qəbul edə bilmirlər. Mütləq şəkildə onun yerinə evin kişisi qərar qəbul edir”.
Sədr bunu bir yandan qarşılıqlı hörmət kimi qiymətləndirsə də:
"Digər yandan qadın özü heç vaxt müstəqil qərar qəbul etmir. Ailə içində yaxşıdır ki, bütün ailə üzvlərinin fikirləri dünlənilsin, birgə qərar verilsin, bu, yaxşı modeldir. Çünki ailənin bütövlüyünü göstərir. Amma bu gün elə kişilər də var ki, qadınların irəli çəkilməsində ona dəstək verir və onun yanındadır. Elə hallar da var ki qadın dəstək ala bilmir və ailə dağılır. Yaxud da ailə münasibətləri gərginləşir. Qadın ailə münasibətlərini qorumaq üçün irəli getməkdən imtina edir, yaxud da boşanırlar. Boşanmış qadın sonra daha tez irəli gedə bilir, çünki kimsə onun yerinə qərar qəbul eləmir. Özü qərarlarını verir”.
Mehriban Zeynalova bu gün ailələrdə qadına, uşaqlara qarşı şiddətin olduğunu önə çəkir:
"Bu, təkcə təhsilsiz qadınlarda deyil, bütün təbəqələr arasında davam edir. Ənənəvi münasibətlər toplusunun tələb edilməsi və qadının irəli getməsinə mane olmaq... Bir də var şiddətin başqa forması. Ümumiyyətlə, kişi şiddətə meyillidir. Biri də var, qadağalarla şiddət... Filan yerə getmə, niyə gec gəldin, arxasınca gedib onu yoxlamaq, etibar etməmək, ailə üzvlərinin onun dediyinə şübhə ilə yanaşması və s”.
Sədr genderlə bağlı fərqli maarifləndirmə işlərinin aparılmasının vacib olduğunu düşünür:
"Çoxları elə düşünür ki, qadınların rolu artırılacaq, kişilərin nüfuzu isə azalacaq. Genderi elə izah etmək lazımdır ki, ailədə qadın hansı məqamlarda, hansı məsələlərdə qərar qəbul edə və ailəyə dəstək ola bilər və hansısa məqamda kişi o rolu üzərinə götürə bilər. Bunların düzgün izahı vacibdir. Qadın və kişinin sosial roluyla bağlı məsələ bir çox hallarda təşviş yaradır. Elə qeyd edirlər ki, qadının rolunu artırıb, kişinin rolunu azaltmaq məqsədi güdülür. Burada rollar elə bölünməlidir ki, ailə münasibətlərində, iştimai yerlərdə bir-birini əvəzləyə bilsinlər. Təəssüf ki, kişi hər zaman hegemonluğu ələ alır və qadının hansısa məsələdə iştirakına, rəyinə icazə verməyərək gərginlik yaradır. Səbəb də qadının rolunun artması, kişinin rolunun azalması ilə bağlı yanlış təsəvvürdür. Bu da cinslərarası gərginliyi artırır”.
Bahar Rüstəmli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.